2015-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib. Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov deyib.
O bildirib ki, aqrar sahəyə dövlət dəstəyi artırılıb, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub:
"Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilib, suvarma kanalları yenidən qurulub və bu proses hazırda da davam etdirilir. Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar ki, tam yenilənib. Ölkəmizdə həyata keçirilən bu islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri edib. Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınıb və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb".