“AZƏRROS”: “Moskvada əmək yarmarkasının təşkilində Ümumrusiya Azərbaycanlılar Konqresi iştirak etməyib”
17 may 2007 09:35 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlılar Konqresi dünən Moskvada “AZƏRROS”un ofisində keçirilən əmək yarmarkasının təşkilində iştirak etməyib. Bu barədə APA-ya Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətindən (AZƏRROS) məlumat verilib. Məlumatda bildirilir ki, əmək yarmarkasında iştirakla bağlı Ümumrusiya Azərbaycanlılar Konqresinin rəhbərliyinə rəsmi dəvət məktubu göndərilsə də, onlar tədbirə qatılmayıblar. “AZƏRROS” rəhbərliyi əmək yarmarkasının Moskva şəhər regional əlaqələr və milli siyasət komitəsi və “Regionlararası informasiya-biznes mərkəzi” dövlət qurumu ilə birgə təşkil olunduğunu, Ümumrusiya Azərbaycanlılar Konqresinin bu yarmarkaya heç bir maraq göstərmədiyini deyib. “AZƏRROS” əmək yarmarkasının Ümumrusiya Azərbaycanlılar Konqresi ilə birgə təşkil edilməsi barədə məlumatları rəsmi qaydada təkzib edib. /APA/