Bank Of Baku

İlin sonuna qədər Fransa və İngiltərədə azərbaycanlı tələbələrin Avropa Forumunun keçirilməsi gözlənilir

İlin sonuna qədər Fransa və İngiltərədə azərbaycanlı tələbələrin Avropa Forumunun keçirilməsi gözlənilir
# 17 may 2007 15:31 (UTC +04:00)
İlin sonuna qədər Fransa və İngiltərədə azərbaycanlı tələbələrin Avropa Forumunun keçirilməsi gözlənilir. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Tələbələrinin Avropa Forumunun baş katibi Vüsal Məmmədov məlumat verib. O deyib ki, həmin ölkələrdə yaşayan azərbaycanlı tələbələri bir araya gətirib, onlarla fikir mübadiləsi aparmaq istəyirlər. Gələn il isə Macarıstan, Türkiyə və Rusiyada belə bir tədbir keçirilməsi niyyəti var. Bu günlərdə Brüsseldə keçirilən Avropada təhsil alan azərbaycanlı tələbələrin II Avropa Forumunun nəticələri barədə danışan V. Məmmədov deyib ki, tədbirdə əsasən Azərbaycanın 10-15 il bundan sonrakı siyasi-iqtisadi, sosial modellərinin necə olması barədə fikir mübadiləsi aparılıb. Forum iştirakçıları Azərbaycanda yüksək sürətli İnternet imkanlarının yaradılması, orta və ali məktəblərdə İnternet məkanlarının formalaşdırılması, hər bir Azərbaycan vətəndaşının ən azı bir elektron ünvanının olması barədə ümumi rəyə gəliblər. Azərbaycanlı tələbələr hesab edir ki, bu, hökumətin vətəndaşlara hədiyyəsi olmalı, hər bir Azərbaycan vətəndaşı informasiya məkanının aktiv üzvünə çevrilməlidir. Forum iştirakçıları həmçinin Azərbaycanda beynəlxalq universitet yaradılması ideyası ilə çıxış ediblər. Onlar təklif ediblər ki, xaricdə oxumağa imkanı olmayan tələbələrin təhsil alacağı bu universitetə dünyanın aparıcı universitetlərinin mütəxəssisləri dəvət edilməli və onların təcrübəsindən istifadə olunmalıdır.
Forum başa çatdıqdan sonra Avropa Parlamentində Azərbaycanın enerji resursları ilə bağlı konfrans keçirib. V. Məmmədovun sözlərinə görə, forumun katibliyi il ərzində daim fəaliyyət göstərir, Avropa Parlamentinin deputatları görüşlər keçirilir, onların iştirakı ilə bu cür konfranslar təşkil olunur: “Keçirilən forum bizim il ərzində gördüyümüz işlərin mini-təqdimatıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR