Bank Of Baku

Sabir Rüstəmxanlı: “DAK-la DDAK-ın birləşməsindən sonra qurumun həmsədrlik institutu tərəfindən idarə edilməsi məqsədəuyğun deyil”

Sabir Rüstəmxanlı: “DAK-la DDAK-ın birləşməsindən sonra qurumun həmsədrlik institutu tərəfindən idarə edilməsi məqsədəuyğun deyil”
# 06 noyabr 2007 10:06 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresinin birləşməsindən sonra qurumun həmsədrlik institutu tərəfindən idarə edilməsi məqsədəuyğun deyil”. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Sabir Rüstəmxanlı APA-ya açıqlamasında həmsədrlik institutunun bir şərtlə mümkünlüyünün tərəfdarı olduğunu bildirib: “Bir nəfər Güneydən, biri isə Quzeydən olmaqla məsələnin həll edilməsi mümkündür. Ancaq bu, qurumun monolitliyinə təsir göstərər. Yaxşı olar ki, bir nəfər normal şəxs DAK sədri olsun və təşkilata rəhbərlik etsin”. 2008-ci ilin mayında keçiriləcək birlik qurultayına qədər hər iki qurumun fəaliyyətinin ayrı-ayrılıqda davam etdirəcəyini deyən S. Rüstəmxanlının sözlərinə görə, bu müddət ərzində birgə işlərin konturları müəyyənləşdiriləcək. O, dekabrda imzalanacaq sazişdən sonra əsas mərhələnin sona çatacağını qeyd edib: “Təəssüf ki, İdarə Heyətinin bəzi üzvləri bu birləşməni həzm edə bilmirlər. Onlar tərəflər arasında səmimiliyin olmayacağından narahatlıq keçirirlər”. S. Rüstəmxanlı birlik komissiyasının növbəti iclasında DAK-la DDAK arasında imzalanacaq saziş layihəsinin hazırlanacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb, 2002-ci ildə parçalanıb və 2006-cı ilə qədər hər iki tərəf DAK adı ilə fəaliyyət göstərib. 2006-cı ildə Stokholmda keçirilən I (IX) qurultayda DAK-ın adında dəyişiklik edilərək, Demokratik DAK adlandırılıb və təşkilatın yeni nizamnaməsi qəbul olunub. Ümumiyyətlə, DAK-ın I qurultayı 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, II qurultayı 1998-ci ildə Vaşinqtonda, III qurultayı 1999-cu ildə Almaniyanın Köln şəhərində, IV qurultayı 2000-ci ildə Strasburqda, V qurultayı 2001-ci ildə İsveçin Malmö şəhərində, VI qurultayı 2002-ci ildə Hollandiyanın Haaqa şəhərində, VII qurultayı 2004 ildə Strasburqda, VIII qurultayı 2005-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilib. Noyabrın 3-də isə DAK-la DDAK arasında yaradılan birgə komissiyasının iclasında qurumların birləşməsi barədə qərar verilib və birlik qurultayının 2008-ci ilin mayında Avropa Parlamentinin binasında keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR