Bank Of Baku

Azərbaycanın diaspora təşkilatları Heydər Əliyevin anım mərasimini keçirəcəklər

Azərbaycanın diaspora təşkilatları Heydər Əliyevin anım mərasimini keçirəcəklər
# 11 dekabr 2007 15:08 (UTC +04:00)
Sabah Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları anım mərasimləri keçirəcəklər. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sabah Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Caspian-Xəzri” Azərbaycan məktəbində anım mərasiminin keçirilməsi nəzərdə tutulub. Mərasimdə azərbaycanlı məktəblilərin valideynləri, müəllimlər və media nümayəndələri iştirak edəcəklər. Niderland Krallığının Amsterdam şəhərində isə dekabrın 15-də “Ana Vətən” cəmiyyətinin illik hesabat konfransı ilə birlikdə Heydər Əliyevin anım mərasimi keçiriləcək. Bu tədbirə də cəmiyyətin üzvləri, Niderlandda yaşayan soydaşlarımız və KİV nümayəndələri qatılacaqlar. Sabah həmçinin Çexiyanın ikinci böyük şəhəri olan Brnoda Heydər Əliyevin anım günü qeyd olunacaq. Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi və “Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyinin” təşkilatçılığı ilə həyata keçirilən aksiyada Brno şəhər meriyası rəsmilərinin, tələbələrin təhsil aldıqları universitetlərin müəllimlərinin və soydaşlarımızın iştirakı gözlənilir. Aksiya kimsəsiz uşaqların yaşadığı “Kojenski Ustav a detsky domov” uşaq evinə alınmış hədiyyələrin uşaqlara təqdim edilməsi ilə başlayacaq. Uşaq evini ziyarətdən sonra tədbir çex xalqının tarixində silinməz iz qoymuş, XX əsrin əvvəllərində Çexiyanı yenidən siyasi səhnəyə qaytaran, Çexiyanın ilk prezidenti, filosof Tomaş Qariq Masarikin abidəsi önünə əklil qoymaqla davam edəcək. Qeyd edək ki, Azərbaycanlı tələbələr bu abidənin önünə əklil qoymaqla Masarikin və Heydər Əliyevin xatirəsini yad etmək və bununla da çexlərə Azərbaycanın dahi şəxsiyyətini bir daha tanıtmaq istəyirlər. Sabah Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, onun haqqında hazırlanmış film nümayiş etdirəcək və fotosərgi təşkil edəcəklər. Estoniyadakı daha bir diaspor təşkilatımız - Akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti İnstitutu Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş konfrans keçirəcək. Litva Azərbaycanlıları cəmiyyəti, bu ölkədəki daha bir diaspor təşkilatımız olan “Günəş” cəmiyyəti də Heydər Əliyevin vəfatı günü münasibətilə anım mərasimi təşkil edəcəklər. Latviyada isə “Azəri-Vəhdət” cəmiyyətinin keçirdiyi anım mərasiminə Azərbaycanın bu ölkədəki səfirliyi dəstək verəcək. Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi isə Heydər Əliyevin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi də təşkil edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR