Bank Of Baku

Amerika azərbaycanlıları prezident seçkilərində kimi dəstəkləyəcək?

Amerika azərbaycanlıları prezident seçkilərində kimi dəstəkləyəcək?
# 07 yanvar 2008 08:30 (UTC +04:00)
ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində bu ölkədə yaşayan azərbaycanlılar da fəal iştirak edəcəklər. APA-nın ABŞ bürosu seçkilərlə bağlı Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diaspor qurumları rəhbərlərinin mövqeyini öyrənib. Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri APA-nın ABŞ bürosuna verdiyi açıqlamada təmsil etdiyi təşkilatın son 10 il ərzində ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini deyib:



“Biz əsas diqqətimizi ABŞ Konqresi və federal hökumətin ayrı-ayrı sahələrində təmsil olunan məmurları ilə əlaqə qurmağa yönəltmişik. Biz bütün namizədlərin seçki kampaniyalarında iştirak edir, onların qərargahlarında könüllü olaraq fəaliyyət göstəririk. Bu zaman namizədlərə Azərbaycanla bağlı suallar ünvanlayaraq ölkəmizlə bağlı mövqelərini dəqiqləşdiririk. 2000-ci il seçkilərində Con Makkeynin seçki kampaniyasında aktiv iştirak edərək onunla münasibətlər qura bildik. Nyu-York meri Rudolf Culiani bizim cəmiyyəti yaxşı tanıyır, Azərbaycanın Respublika Günü və Müstəqillik Günündə bizə təbrik məktubları yollayıb. Cəmiyyət üzvləri Rudolf Culiani ilə bir necə dəfə görüşüblər. Ona görə də 2008-ci il seçkilərində ümid edirik ki, Culiani və Makkeyn irəli çıxacaqlar”. Tomris Azəri şəxsən Hillari Klintonun seçki kampaniyasında iştirak etdiyini deyib: “Nyu-Yorkun türk icması da xanım Klintonla sıx əlaqədədir. Ayovada baş tutmuş praymeriz ABŞ-da başlanan seçki kampaniyasının ilk mərhələsidir. Biz bu praymerizin qalibləri olan senator Obama və Hakebiyə təbrik məktubları yollayacağıq. Barak Obamanın ermənilərə yaxın olması barədə fikirlər məni narahat etmir. Biz də ona yaxın ola bilərik. Sadəcə bilməliyik ki, onun seçki kampaniyasında necə iştirak edək. Hesab edirəm ki, Azərbaycanın maraqlarını müdafiə etmək və aydın siyasi yanaşmaya nail olmaq üçün biz öz namizədlərimizlə görüşməli və mövqeyimizi onlara çatdırmalıyıq. Bundan əvvəlki seçkilər zamanı olduğu kimi 2008-ci ildə keçiriləcək seçkilərdə də Amerika Azərbaycan Cəmiyyəti çox yaxından iştirak edəcək”.
“Worldwide Strategic Partners” Beynəlxalq Araşdırma İnstitutunun vitse-prezidenti Adil Bağırov APA-nın ABŞ bürosuna açıqlamasında bildirib ki, ABŞ-da start verilən praymeriz seçkiləri - hər bir ştatda həm demokratlar, həm də respublikaçıların ən populyar namizədinin müəyyən edilməsi prosesi çox mürəkkəb və kompleks tədbirdir:



“Praymerizin nəticəsi olaraq hər iki partiyanın 2008-ci ilin yayında keçiriləcək qurultaylarında bu namizədlər prezidentliyə namizəd irəli sürüləcəklər. Qeyd olunan partiyadaxili seçkilər ənənəvi olaraq Ayova ştatında başlayır və Nyu-Hempşirdə davam etdirilir. Ayova ştatında qeydə alınan nəticələr gözlənilən idi və “exit-poll” aparan şəxslər tərəfindən proqnozlaşdırılırdı. Respublikaçıların namizədləri arasında birinci yeri Mayk Hakebi, ikinci yeri Mit Romney, üçüncü yeri Fred Tompson tutdu. Rudolf Culiani bu ştatda yalnız altıncı ola bildi. Demokratlar arasında isə Barak Obama birinci, Con Edvards ikinci, Hillari Klinton isə üçüncü oldu. Bütün bunlar ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycan və ümumiyyətlə, Amerika azərbaycanlıları üçün nə deməkdir? Hələlik heç bir şey. Çünki praymerizin keçirildiyi ilk ştat çox balaca olduğu üçün burada əldə olunan nəticə ABŞ-ın seçki prosesinə ciddi təsir edə bilməz. Seçkilərin taleyini müəyyənləşdirəcək ştatlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Texas, Florida, Kaliforniya və bir sıra digər ştatlardır”. Adil Bağırov respublikaçı namizədlərdən Rudolf Culiani, Dunkan Hunter və Mayk Hakebinin Amerikada yaşayan azərbaycanlılara və müttəfiq Azərbaycana dostyana münasibət bəslədiklərini bildirib. “Digər namizədlər Mit Romney, Fred Tompson və Con Makkeyn bəzən qeyri-müəyyən, bəzən isə ümumiyyətlə, potensial təhlükə yarada biləcək mövqe tuturlar. Lakin respublikaçılar arasında yalnız Rudolf Culiani və Mayk Hakebinin seçilmək şansı realdır. Buna görə də bizə məhz bu iki şəxsin mövqeyi və rəyi vacibdir. Demokratlardan isə Barak Obama, xüsusən də Con Edvardsın Amerika azərbaycanlılarına və müttəfiq Azərbaycana dostyana münasibəti var. Senator Obamanın Azərbaycana səfər etməsinə baxmayaraq, o, erməni iddialarını dəstəkləyən ciddi namizədlərdən biridir. Eyni zamanda Con Edvardsın aparatının rəhbəri keçmiş konqresmen Devid Boniordur. Bonior erməni lobbisinə çox yaxındır, 1992-ci ildə qəbul olunan Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişin qüvvəyə minməsi və qüvvədə qalması üçün xüsusi “fədakarlıq” nümayiş etdirib. O, həmçinin 907-ci düzəliş çərçivəsində Azərbaycana daha ciddi məhdudiyyətlər tətbiq etməyi nəzərdə tutan 86 nömrəli qətnamə layihəsini Konqresin aşağı palatasına təqdim edib. Senator Edvards 2004-ci il prezident seçkilərində demokratların vahid namizədi senator Con Kerri ilə birgə ABŞ-ın vitse-prezidenti postuna namizəd kimi mübarizə aparıb. Con Kerri isə erməni lobbisinin aktiv müdafiəçisi, 907-ci düzəlişin “atası”, ümumiyyətlə, digər anti-Azərbaycan və anti-Türkiyə qətnamələrin müəllifi olub. Digər demokrat namizədlər konqresmen Denis Kuçiniç və senator Co Biden də erməni lobbisinin təsiri altındadırlar. Baxmayaraq ki, senator Hillari Klinton və Bil Riçardson bizə isti münasibətlər bəsləyirlər. Demokratlar arasında yalnız Hillari Klinton və müəyyən miqdarda Barak Obamanın seçilmək şansı daha realdır”. Adil Bağırov ABŞ-ın azərbaycanlı və bütövlükdə türk icmalarının partiya mənsubiyyətindən asılı olaraq daim mer Rudolf Culiani və senator Hillari Klintonu dəstəklədiklərini deyib: “Bu baxımdan ümid etmək lazımdır ki, demokratlar və respublikaçılar məhz bu şəxsləri prezidentliyə namizəd kimi irəli sürəcəklər. Eyni zamanda mer Culiani Nyu-Hempşir, Miçiqan və Cənubi Karolinada keçiriləcək praymerizlərdə qalib gəlməyəcək. Lakin onun Nevada, Kaliforniya, Florida, Nyu-Cersi, Nyu-York və digər ştatlarda qalıb gələrək səs çoxluğu ilə Respublikaçılar Partiyasının vahid namizədi seçiləcəyi gözlənilir. Senator Klintonun Nyu-Hempşir və Cənubi Karolinada qalib gəlməsi və ya ikinci yer tutması gözlənilir. Lakin xanım Klintonun Miçiqan, Nevada, Florida, Kaliforniya, Nyu-Cersi, Nyu-York və digər mühüm ştatlarda qalıb gələrək demokratların vahid namizədi olacağı proqnozlaşdırılır”. Adil Bağırov prezident seçkilərində Hillari Klintonun qalib gəlmə şansının çox yüksək olduğunu vurğulayıb: “Sorğular göstərir ki, yalnız Rudolf Culiani və Con Makkeyn onu məğlub edə bilər. Nəzərə alsaq ki, Makkeynin respublikaçılara qələbə qazandırmaq şansı yüksək deyil, o zaman seçkilərdə bu partiyanı çox güman ki, Rudolf Culiani təmsil edəcək”.
Amerika Azərbaycan Şurasının prezidenti Cavid Hüseynov APA-nın ABŞ bürosuna verdiyi açıqlamada ilk praymerizin aldadıcı olduğunu vurğulayıb:



“Ayova seçiciləri ən son anda öz mövqelərini dəyişməyə meyllidirlər. 2004-ci ildə demokratların keçirdiyi praymerizdə Ayovada Hovard Din qalib gəlsə də, bütün ölkə üzrə keçirilən praymerizlərin nəticəsi olaraq Con Kerri partiyanın vahid namizədi seçildi. Hesab edirəm ki, hər iki partiya namizədlərinin taleyi Kaliforniya, Nyu-York, Texas və Florida ştatlarında keçirilən praymerizlərin nəticəsindən asılı olacaq. CNN Seçkilər Mərkəzi Hillari Klintonun Barak Obamanı böyük fərqlə, yəni 56/22 faiz nisbəti ilə qabaqlayacağını proqnozlaşdırır. Əlbəttə, gənc və enerjili senator Obamanın aktivliyini, onun gənc amerikalılar arasında böyük populyarlığını nəzərdən qaçırmaq düzgün olmazdı. Məsələn, “Facebook” sosial şəbəkəsində keçirilən sorğuda o, digər namizədləri çox geridə qoyub. Lakin amerikalıların əksəriyyəti böyük dəyişikliklər gözləyirlər və bu missiyanı yerinə yetirməyi cavan və təcrübəsiz namizədə etibar etməyəcəklər. Eyni zamanda biz keçmiş prezident Bill Klintonun populyarlığını yaddan çıxarmamalıyıq. O, seçki kampaniyasında öz xanımına dəstək verir və bu faktor həm demokratlar, həm də respublikaçı seçicilərin qərarına təsir edəcək”. Cavid Hüseynov Kaliforniya ştatında Rudolf Culiani və Con Makkeynin qalib gələcəyinin proqnozlaşdırıldığını bildirib: “İndi hər hansı proqnoz verilməsi düz olmazdı, amma seçkilərin son mərhələsində Culiani-Klinton cütlüyünün mübarizə aparacağını istisna etmək olmaz. Aydındır ki, Azərbaycan bu prezident seçkilərində ən vacib mövzulardan biri deyil. Lakin namizədlərin Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi ilə bağlı xarici siyasət proqramları və Azərbaycana aid məsələlərdə tutduğu mövqelər Amerika azərbaycanlılarının seçiminə birbaşa təsir göstərəcək. Mən Mayk Hakebinin öz xarici siyasət platformasında Azərbaycan və Türkiyəyə diqqət yetirməsi faktından sözün yaxşı mənasında təəccüblənmişdim. O, hər iki ölkənin regional enerji təhlükəsizliyi məsələsində vacib rol oynadığını yazmışdı. Digər tərəfdən, senator Obamanın qondarma “erməni soyqırımı” ilə bağlı türklərə qarşı tutduğu birtərəfli mövqe hamımıza bəllidir. Bu məqamlar Amerikanın türk əsilli seçiciləri tərəfindən də unudulmamalıdır. Bütün hallarda vacibdir ki, bizim icmalar üçün həyat əhəmiyyəti kəsb edən məsələlərlə bağlı senator Obamaya öz mövqeyimizi çatdıraq. Bu seçkilərdə olmasa belə, gələn seçkilərdə o, daha təcrübəli və güclü namizəd kimi mühüm rol oynayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR