Bank Of Baku

Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı dünyanın 60-dək şəhərində anım tədbirləri keçirəcək

Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı dünyanın 60-dək şəhərində anım tədbirləri keçirəcək
# 18 fevral 2008 13:49 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın diaspor təşkilatları Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı dünyanın 60-dək şəhərində anım tədbirləri keçirəcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anım tədbirlərinin əksəriyyəti türk diaspor təşkilatlarının iştirakı ilə baş tutacaq. Fevralın 23-də Fransanın Strasburq şəhərində keçiriləcək mitinqdə törədilən vəhşiliklərdə Ermənistan prezidenti Robert Köçəryanın şəxsən iştirakı vurğulanacaq, onun Beynəlxalq Tribunala verilməsi tələb ediləcək. Aksiyanın qətnaməsi Avropa Birliyi və Avropa Şurasının məsul şəxslərinə təqdim olunacaq. Fevralın 24-də Hollandiyanın Haaqa şəhərində Xocalı faciəsinə həsr olunmuş abidənin açılışı olacaq. Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan kompleks Xocalı soyqırımı ilə bağlı Azərbaycandan kənarda ucaldılan ilk abidədir. Benilüks Azərbaycanlılar Konqresi də soyqırımın ildönümü ilə əlaqədar anım mərasimi təşkil edəcək. Fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsi Almaniyanın Mayns və Berlin şəhərlərində yad ediləcək. Böyük Britaniyada isə fevralın 25-26-da anım mərasimləri keçirəcək. Fevralın 24-də İsveçin Stokholm və Höteborq şəhərlərində kütləvi tədbirlər keçirmək nəzərdə tutulub. Danimarkada keçiriləcək anım mərasimində isə faciə ilə bağlı fotostend nümayiş etdiriləcək. Fevralın 26-da Avstriyanın Vyana şəhərində, Moldovanın Kişinyov şəhərində, fevralın 28-də Çexiyanın Praqa şəhərində bir sıra tədbirlər baş tutacaq. Çexiyadakı Azəri-Çex Cəmiyyəti Azərbaycanın Çexiyadakı Səfirliyi ilə birlikdə Praqada Senatın binasında Xocalı faciəsinə həsr olunan konfrans keçirəcək. İldönümü fevralın 26-da Kanadanın Monreal şəhərində də qeyd olunacaq. ABŞ-da soyqırım qurbanlarının xatirəsi bir neçə şəhərdə müxtəlif tədbirlərlə anılacaq. Fevralın 22-də Vaşinqtonda Ermənistanın bu ölkədəki səfirliyi qarşısına etiraz yürüşü olacaq, ayın 23-də Nyu-Yorkdakı Türk Mərkəzində Xocalı faciəsi haqqında birgə seminar keçiriləcək. Fevralın 26-da Azərbaycan diaspor təşkilatları birlikdə Nyu-Yorkda Ermənistanın BMT yanındakı nümayəndəliyinin binası qarşısında iki saatlıq etiraz aksiyası keçirəcək. Fevralın 25-də Türkiyədə, Ankara şəhərindəki Bilkənd otelində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası soyqırımın ildönümünə həsr olunmuş anım tədbiri keçirməyi nəzərdə tutub. İzmirdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bir neçə tədbir keçiriləcək. Şimali Kipr Türk Respublikasında isə faciənin ildönümü Doğu Akdeniz Universitetində qeyd olunacaq. Pakistanın paytaxtı İslamabadda fəaliyyət göstərən Pakistan-Azərbaycan Dostluq Cəmiyyəti isə Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə fevralın 26-da anım tədbiri təşkil edəcək. Soyqırım günü Avstraliyanın Sidney, Yeni Zelandiyanın Okland şəhərlərində də anılacaq. Gürcüstanın Marneuli, Tiflis şəhərlərində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Fevralın 26-da Moskvadakı “Bakı” kinoteatrında baş tutacaq toplantıda faciə ilə bağlı sənədli filmin nümayiş olunacaq. Həmin gün Kiyevdə Ermənistanın bu ölkədəki səfirliyinin, eləcə də ATƏT-in Ukraynadakı nümayəndəliyi binası önündə piket keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR