Varşavada Azərbaycan-Polşa gənclərinin Qarabağ Forumu keçirilib - FOTO

Varşavada Azərbaycan-Polşa gənclərinin Qarabağ Forumu keçirilib - FOTO
# 19 fevral 2024 13:42 (UTC +04:00)

Varşavada Azərbaycan-Polşa gənclərinin Qarabağ Forumu keçirilib.

APA xəbər verir ki, fevralın 18-də Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) ilk dəfə olaraq Avropada Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu"nu reallaşdırıb.

Forum Azərbaycan və Polşa himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Forumu giriş sözü ilə açan Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov Polşada yaşayan gənclərin diaspor işinə verdiyi töhfələrdən danışıb. O, həmçinin, bu kimi tədbirlərin reallaşmasının hər iki ölkə gənclərinin əlaqələndirilməsində müstəsna rolu olduğunu deyib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasyası (ASGA) İctimai birliyinin sədri, internet-media eksperti Səbuhi Abbasov göstərilən dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edib: “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi olaraq bu sahədə ciddi təcrübəmiz var. Belə ki, son 5 il ərzində biz Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırmışıq, Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirmiş, lobbi.az saytını yaratmışıq. Bu mənada "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nun reallaşmasını fəaliyyətimizin məntiqi davamı kimi görürük. Layihəmiz Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır. Dəstəkdən dolayı Fondun rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Avropanın mərkəzində yerləşən Slavyan ölkələrinə surətli inteqrasiya indiki şəraitdə çox vacibdir. Polşa isə Avropada strateji gücə malikdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm Forum hər bir iştirakçı üçün faydalı olacaq”.

Daha sonra Gənclər Fondunun rəsmisi Mübariz Qadirov çıxış edərək bu və bu kimi Forumların keçirilməsinin ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Forum çıxışlarla davam edib.

Sonda layihə çərçivəsində hazırlanan qısametrajlı videoçarx forum iştirakçılarına təqdim olunub və tədbir panel müzakirələri ilə davam edib.

Forumun yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR