44 günlük müharibə dövründə Gürcüstan azərbaycanlıları tərəfindən 150 min dollara yaxın vəsait Azərbaycanın Müdafiə Fonduna köçürülüb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə Gürcüstanın azərbaycanlı icması və şəhid ailələri ilə görüşdə Azərbaycan səfiri Faiq Quliyev deyib.
O, bildirib ki, əlavə olaraq, humanitar yardım kimi Qaraçöp mahalından 660 baş iri və xırdabuynuzlu mal-qara Azərbaycana keçirilib.
Diplomat vurğulayıb ki, həm 1-ci, həm də 2-ci Qarabağ müharibələrində əslən Gürcüstandan olan azərbaycanlılar misli görülməmiş qəhrəmanlıqlar göstəriblər.
O, Gürcüstan əsilli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə sənədli filmlərin və kitabların hazırlandığını, xüsusi poçt markalarının buraxıldığını, peşəkar rəssamlar tərəfindən şəhidlərin portretlərinin çəkilərək ailələrə təqdim edildiyini, bulaqlar tikildiyini və xatirə lövhələri quraşdırıldığını qeyd edib.
Faiq Quliyev Azərbaycanın Gürcüstanda islam dəyərlərinin yaşadılmasına töhfə verdiyini, zərərli ideologiyaların və təsirlərin qarşısının alınmasına dəstək verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu vaxtadək Heydər Əliyev Fondu tərəfindən Kvemo Kartlidəki məscidlər təmir-bərpa edilib, həmçinin məscidlər qazla təmin edilib.
Səfir Azərbaycanlıların Gürcüstanın suverenliyinin qorunmasında da müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.