Dövlət Baytarlıq Xidmətinin rəisi: “Azərbaycanda epizootik vəziyyət sabitdir” - FOTO - VİDEO

Dövlət Baytarlıq Xidmətinin rəisi: “Azərbaycanda epizootik vəziyyət sabitdir” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 mart 2014 08:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) “2013-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair” müşavirə keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DBX rəisi Sialə Rüstəmova 2013-cü ildə baytarlıq xidməti sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

S. Rüstəmova bildirib ki, həyata keçirilən aparılan tədbirlər sayəsində Azərbaycanda epizootik sabitlik təmin edilib: “Bu sabitliyin davamlı olunması üçün ölkədə iti yoluxucu xəstəliklərə qarşı kompleks mübarizə tədbirləri aparmaq Dövlət Baytarlıq Xidmətinin əsas vəzifələrindən olub, bu istiqamətdə lazımi addımlar atılıb”.

DBX rəisi bildirib ki, ötən il baytarlıq xidməti tərəfindən iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda, eləcə də donuzlarda qarayara, iribuynuzlu, xırdabuynuzlu heyvanlarda dabaq, itlərdə quduzluq, quşlarda taun, iri və xırdabuynuzlu heyvanlarda leptespiroz, qoyunlarda çiçək və digər iti yoluxucu xəstəliklər əleyhinə profilaktik tədbirlər həyata keçirilib: “Dövlət Baytarlıq Xidməti 2013-cü ildə brusellyoz xəstəliyinin ləğvi istiqamətində göz-damla üsulunu da davam etdirib. Burada əsas məqsəd heyvanların yoluxmasını minimuma endirməklə əhalini sağlam qida məhsulu ilə təmin etməkdən ibarət olub. Bunun nəticəsidir ki, son dörd ildə ölkədə heyvanların brusellyoza yoluxma faizi azalıb. 2002-2003-cü illərdə 650-700 insan brusellyoz xəstəliyinə yoluxubsa, hazırda bu göstərici 50 faizə yaxın düşüb”.

Xidmət rəisi deyib ki, “quş qripi”nə qarşı da mühüm tədbirlər aparıb: “Müvafiq qurumlarla birlikdə il ərzində 6 dəfə monitorinq aparılıb. Ölkə ərazisində həm çöl, həm də ev quşlarına görə aparılan bu monitorinqlər zamanı götürülmüş 7 mindən artıq nümunə Baytarlıq Laboratoriyasında müayinə edilib, nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisinə təsadüf edilməyib”.

S. Rüstəmova qeyd edib ki, ötən il epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında vaksinasiya tədbirləri həyata keçirilib, quduzluq xəstəliyini aşkar etmək üçün 46 nümunədə laboratoriya müayinəsi aparılıb: “Onlardan 31-i müsbət olub. Müsbət olan, yəni xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib, xəstəliyin vaxtında qarşısı alınıb. Hazırda Azərbaycanda iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir”.

Onun sözlərinə görə, baytarlıq xidmətinin inkişafına dövlət tərəfindən xüsusi dəstək var: “Belə ki, bu il epizootik sabitliyi təmin etmək məqsədilə müəyyən edilmiş xəstəliklərə qarşı vaksinasiya, müayinə tədbirlərinin aparılması və digər mühüm işlərin görülməsi nəzərdə tutulur. Dövlət tərəfindən bizə 2013-cü ildə xəstəliklərlə bağlı təxirəsalınmaz tədbirlər üçün 2 milyon 350 min vəsait ayrılıb. Bu vəsaitə dərman preparatları, maşın və avadanlıqlar alınıb. Qida təhlükəsizliyinin qorunması, baytarlıq laboratoriyalarının fəaliyyətinin gücləndirilməsi üçün 2 milyon 500 min manat vəsait ayrılıb. Bu vəsaitə alınan avadanlıqlar respublika ərazisinə bölgü əsasında paylanılacaq”.

Sonra rayon və şəhər baytarlıq idarələri rəhbərlərinin hesabatları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR