“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin açılışı olub

“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin açılışı olub
# 11 may 2016 08:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib.


APA-nın xəbərinə görə, mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri H. Hüseynova deyib ki, konfransın əsas məqsədi davamlı inkişaf prosesində qadınlarının iştirakının artırılması və onların səmərəli fəaliyyəti üçün mexanizmin yaradılmasıdır: “Gender bərabərliyinə nail olmaq davamlı inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur. Qadınların səlahiyyətlərinin həyata keçirilməsi dövlət siyasətinin mühüm prioritetidir və ölkəmizdə davamlı inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlər artmaqdadır. Bütün sahələrdə gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, əsas məqsəd bərabər iqtisadi şərait və imkanlar yaradılmasıdır: “Bərabər imkanlar dedikdə həm də məşğulluq bura aid edilməlidir. Sahibkar qadınların nisbi faizi 18% təşkil edir. Bu göstəricini artırmaq lazımdır”.

Layihənin müsbət təşəbbüs olduğunu söyləyən BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai 2011-ci ildən Azərbaycanın regionlarında dövlət komitəsi ilə birlikdə resurs mərkəzlərinin yaradıldığını bildirib: “Layihə Biləsuvar, Neftçala və Sabirabadda həyata keçiriləcək və davamlı inkişaf məqsədlərinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, layihənin məqsədi gender bərabərliyi və qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, kənd, rayon qadınlarının iqtisadi və ictimai həyatda iştiraklarının təşviq edilməsidir. Layihə BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birlikdə iki il ərzində həyata keçiriləcək. Layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir, ümumi büdcəsi 444.000 avrodur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR