Vüsal Şilderin avtomobilinə ziyan vuran Türkiyə vətəndaşının cəzasının yüngülləşdirilməsinə dair qərardan protest verilib

Vüsal Şilderin avtomobilinə ziyan vuran Türkiyə vətəndaşının cəzasının yüngülləşdirilməsinə dair qərardan protest verilib
# 06 iyun 2016 07:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən əvvəl avtomobilinə ziyan vurmaqda təqsirləndirilən Türkiyə vətəndaşı Sümer Yaşar Yücelin cəzası yüngülləşdirilməsi barədə məhkəmə qərarından prokurorun verdiyi apelllyasiya protesti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında tərəflər dinlənilib. Məhkəmənin baxış iclası iyunun 10-a təyin edilib.


Bir müddət əvvəl S. Yücel cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək barədə Xəzər rayon Məhkəməsinə müraciət edib və şikayəti təmin olunub. Qərarla razılaşmayan dövlət ittihamçısı isə apellyasiya protesti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Almaniya vətəndaşı, 23 yaşlı Vüsal Şilder 2013-cü il mayın 2-də Bakıda bıçaqlanaraq öldürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətli törədən Elman İsgəndərov 15 və Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Vüsal Şilderin qətlə yetirilməzdən öncə maşınına narkotik vasitə atılması məlum olub və həmin cinayət işinə görə İlham Məmmədov, Qurban Novruzov, Kənan Babayev və Türkiyə vətəndaşı Yaşar Sümer saxlanılıb. Binəqədi rayon Məhkəməsinin hökmü ilə İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, Yaşar Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və digər maddələri ilə ittiham olunublar.

İttihama görə, keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Yaşar Sümer və Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin keçmiş rəis müavini Kənan Babayev Vüsal Şilderin idarə etdiyi avtomaşına ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər.

Onu da qeyd edək ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR