Bakıda I Azərbaycan Ətraf Mühit Forumu keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda I Azərbaycan Ətraf Mühit Forumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 mart 2014 09:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə I Azərbaycan Ətraf Mühit Forumu keçirilir.

APA-nın xəbərinə görə, “Azərbaycanın yaşıl sabahını birlikdə quraq” devizi altında keçirilən forumda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, ölkənin inkişafı göz qabağındadır və bu prosesdə vətəndaş cəmiyyətinin rolu hər sahədə vacibdir: “Cəmiyyətin diqqət mərkəzində olan bir çox məsələlər, o cümlədən, yaşıllıqların salınması, tullantıların idarə olunması, mühafizə olunan ərazilərin genişləndirilməsi, daha keyfiyyətli idarəolunması, onların ərazisinin böyüməsi, bir sıra sahələrdə müasir dövlətlərə xas olan infrastrukturun yaradılması vacib şərtdir. Azərbaycanda 1 milyona yaxın əhalinin hələ də qazlaşdırılmayan ərazidə yaşamasına baxmayaraq, meşələrin qırılmasının qarşısının alınması və yeni meşə zolaqlarının salınması istiqamətində mühüm işlər görülüb. Peykdən əldə olunan şəkillərdən də görünür ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə 300-400-500 hektarlıq açıq yaşıl rəngdə olan örtüksüz ərazilər indi tünd yaşıl rəngə çevrilməkdədir. Bunun nəticəsində isə meşələrimizin ərazisi 0,4% artıb”.

Nazir qeyd edib ki, ölkədə güclü vətəndaş cəmiyyətinə ehtiyac var. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi məsələsində daxili möhkəmlik, birlik çox vacibdir. Bu forumu çağıran İDEA hərəkatı də mövcud sahə üzrə hərtərəfli geniş tədbirlər həyata keçirir, irihəcmli layihələrə dəstək verir.

BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bildirib ki, bugünki forum Azərbaycanda, eləcə də dünyada ətraf mühitin vəziyyətinə və dayanıqlı inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Onun fikrincə, ətraf mühitin qorunması işində birgə əmək, qarşılıqlı əməkdaşlıq çox vacib faktordur: “Bütün dünyada artıq daha çox insan ətraf mühit məsələlərinə əvvəlki kimi yanaşmağın düzgün olmadığını başa düşməyə başlayır. Yer planetini xilas etmək və dünyada, o cümlədən Azərbaycanda yaşayan insanlar üçün dayanıqlı gələcəyi təmin etmək üçün bütün insanların birgə, geniş iştirakı tələb olunur. Bu baxımdan vətəndaş çəmiyyətinin bu sahəyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir”.

Tədbirin davamında yerli ekoloji təşkilatların nümayəndələrinin çıxışı ilə məruzələr səslənilib, mövzu ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR