Dövlət Komitəsi: 2009-cu ildən “Risaleyi-Nur” külliyyatına daxil olan ədəbiyyatların Azərbaycana kütləvi idxalı və nəşri məqsədəuyğun sayılmayıb

Dövlət Komitəsi: 2009-cu ildən “Risaleyi-Nur” külliyyatına daxil olan ədəbiyyatların Azərbaycana kütləvi idxalı və nəşri məqsədəuyğun sayılmayıb
# 22 may 2014 15:17 (UTC +04:00)

Təriqətin nümayəndəsi Zəka Mirağayev APA-ya bildirib ki, onların əlində “Risaleyi Nur”un zərərli kitab olmadığına dair Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsdiq etdiyi rəsmi məktub var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun, Komitənin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nahid Məmmədovun, o cümlədən məsləhətçi Mahir Quliyevin imzası ilə təsdiqlənən həmin məktubda “Risaleyi Nur”un zərərli olmadığı, dini ədəbiyyatın DVD disk və audiokassetlər formasında yayılmasında qanunvericiliyin tələblərinin pozulması aşkar olunmadığı bildirilir. Dini ədəbiyyat yayılmasında heç bir problemin olmadığı vurğulanır. Məktubun 23 dekabr 2013-cü il tarixində imzalandığı bildirilsə də, onun hansı ünvana göndərildiyi göstərilməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məktub Şirvan Şəhər Polis Şöbəsindən daxil olmuş məktuba Dövlət Komitəsinin yazdığı cavab məktubunun surətidir: “Belə ki, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən vətəndaş Abdulov Rəşid Cəbrayıl oğlundan götürülmüş 47 ədəd kitab, 215 vərəq, 3 ədəd audiokasset və 2 ədəd DVD disk dinşünaslıq ekspertizasının təyin olunmasına dair qərarla birlikdə Dövlət Komitəsinə göndərilib. Dinşünaslıq ekspertizasının təyin olunması ilə bağlı qərarda ekspert qarşısında iki sual qoyulub. Birinci sual vətəndaş Abdulov Rəşid Cəbrayıl oğlundan götürülmüş dini ədəbiyyat, DVD disklərin və audiokasetlərin məzmunu və təyinatının bu sahədə qüvvədə olan qanunvericiliyin tələblərini hər hansı formada pozub-pozmadığı ilə bağlı olub. İkinci sualda isə təqdim olunan dini ədəbiyyat, DVD disklərin və audiokasetlərin içərisində ölkəyə gətirilməsi qadağan olanlar və ya müvafiq icazə olmadan gətirilən dini təyinatlı və məzmunlu kitablar, DVD disklər və audiokasetlər olub-olmadığı soruşulub.

Aparılan araşdırmalar zamanı ekspert qarşısında qoyulmuş suallara əsasən, dini ədəbiyyat, DVD disk və audiokassetlərin məzmununda və təyinatında dini ekstremizmi təbliğ edən, terrorçuluğa təşviq və çağırış, dini ayrı-seçkilik salan, dolayısıyla bu sahədə qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilməyib. Eyni zamanda ekspert qarşısında qoyulmuş suallara əsasən, dini təyinatlı məlumat materiallarında ölkəyə idxal edilməsinə razılıq verilməmiş hər hansı dini ədəbiyyat, DVD disk və audiokassetlər aşkarlanmayıb. Belə ki, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən sözügedən materiallar dinşünaslıq ekspertizasına təqdim olunarkən sözügedən ədəbiyyatların vaxtilə ölkəyə idxalına razılığın verilməsi ilə bağlı DQİDK-nin DK-345/e saylı, 23 may 2003-cü il tarixli məktubunun surəti də əlavə edilib. Həmin məktubun surətini vətəndaş Abdulov Rəşid Cəbrayıl oğlu polisə verib və bu kitabların ölkəyə müvafiq razılıq əsasında gətirildiyini bildirib. Dinşünaslıq ekspertizasını həyata keçirən ekspert bu faktı araşdırıb və həqiqətən də 2003-cü ildə belə bir razılığın verildiyini müəyyən edib. Beləliklə, dinşünaslıq ekspertizasına təqdim edilmiş kitablar 2003-cü ildə Dövlət Komitəsinin razılığı ilə ölkəyə idxal edilmiş dini ədəbiyyat olduğu üçün Şirvan Şəhər Polis Şöbəsinə sözügedən müvafiq rəy verilib”.

Komitə əlavə olaraq bildirilib ki, 2009-cu ilə qədər müxtəlif vaxtlarda “Risaleyi-Nur” külliyyatına daxil olan ədəbiyyatların ölkəyə idxal olunmasına razılıq verilib: “Lakin 2009-cu ildən etibarən təriqətçiliyin yayılmasında istifadə olunduğu üçün həmin ədəbiyyatların ölkəyə kütləvi şəkildə idxal edilməsi və nəşri məqsədəuyğun sayılmayıb, yalnız xüsusi istisna hallarda qeyri-təbliğat məqsədilə (1 nüsxədən çox olmamaq şərti ilə) ölkəyə gətirilməsinə etiraz edilməyib”.

Qeyd edək ki, 2 il əvvəl “Risaleyi- Nur” kitabları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkəyə idxalına qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR