Bakıda Özbəkistanın müstəqilliyinin əldə edilməsinin 22-ci ildönümü qeyd olunub

Bakıda Özbəkistanın müstəqilliyinin əldə edilməsinin 22-ci ildönümü qeyd olunub
# 03 sentyabr 2013 19:38 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Bakıda Özbəkistanın müstəqilliyinin əldə edilməsinin 22-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub. APA-nın məlumatına görə, qəbulda Azərbaycanın siyasi və ictimai xadimləri, xarici ölkələrin səfirləri və təşkilatların nümayəndələri iştirak edib. Daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Ardınca çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev təmsil etdiyi ölkənin müstəqilliyin ilk illərdən bu günə kimi əldə etdiyi nailiyyətlərdən danışıb. İki ölkə arasında mövcud olan əlaqələrdən danışan səfir qeyd edib ki, bu əlaqələr strateji səviyyəyə çatıb. Səfir bu əlaqələrin gələcəkdə də davam və inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Daha sonra səfir Özbəkistan prezidentinin Müstəqillik Günü ilə əlaqədar keçirilən tədbirlərdə səsləndirdiyi çıxışından bir hissəsini oxudu.

Azərbaycan hökuməti tərəfindən çıxış edən baş nazirin müavini, Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov özbək xalqını Müstəqillik günü ilə əlaqədar təbrik edib. Öz çıxışında o bildirib ki, qardaş olan Azərbaycan və Özbəkistan xalqlarının bir çox oxşarlıqları var: “Hər iki xalq dost və qardaş olublar və gələcəkdə də bu cür olacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR