“Cybernet” şirkəti Tacikistanda vergi informasiya sistemi layihəsini uğurla başa çatdırıb

“Cybernet” şirkəti Tacikistanda vergi informasiya sistemi layihəsini uğurla başa çatdırıb
# 05 sentyabr 2013 07:00 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın iri İT şirkətlərindən biri olan “Cybernet” MMC Tacikistan hökuməti yanında Vergilər Komitəsi üçün iri layihəni uğurla tamamlayıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Tacikistan Vergilər Komitəsinin rəsmi açıqlamasında bildirilir.

Belə ki, Tacikistan Vergilər Komitəsi tərəfindən bir il ərzində Rusiya, Qazaxıstan, Gürcüstan, Baltikyanı ölkələri və Azərbaycanın vergi informasiya idarəetmə sahəsindəki təcrübəsi öyrənildikdən sonra Azərbaycan Vergilər Nazirliyinin informasiya sistemi sahəsindəki təcrübəsi əsas olaraq götürülüb, “Cybernet” şirkətinin bu sahədəki həllərinə üstünlük verilib. “Cybernet” şirkətinin təklif etdiyi sistemin sadəliyi, effektivliyi, geniş imkanları, həm də vergi ödəyicilərinə heç bir əlavə xərc yaratmaması Tacikistan Vergilər Komitəsi tərəfindən qiymətləndirilən əsas seçim meyarı olub.

Qeyd edək ki, cari il ərzində aparılmış analiz, proqramlaşdırma və quraşdırma işləri vaxtından 4 ay əvvəl və uğurla başa çatdırılaraq, sentyabr ayından sistemin tətbiqinə başlanılıb. Layihə bütün ölkəni əhatə edəcək. Yaxın zamanda Azərbaycan Vergilər Nazirliyinin Vergi informasiya idarəetməsi sahəsindəki təcrübəsi daha dərindən öyrənilərək, “Cybernet” şirkətinin digər həllərinin də tətbiqi planlaşdırılır.

“Cybernet” şirkəti 2012-ci ildən başlayaraq Azərbaycandakı uğurlu təcrübəsini ölkəmizdən kənara çıxarmaqla, İT sahəsində ölkəmizin ixracatında əhəmiyyətli yer tutmaqdadır. Şirkət rəhbərliyindən verilən məlumata görə, hazırda Orta Asiya ölkələrinin müxtəlif qurumları ilə effektiv əməkdaşlıqlar qurulub və yeni layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılır.

2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanın elektron hökumət sahəsində iri layihələri həyata keçirən İT şirkətlərindən biridir. Şirkət yarandığı vaxtdan etibarən bu sahədə təqdim etdiyi həllər sayəsində əhəmiyyətli rolu ilə tanınır. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr “Cybernet” şirkətinin uğur göstəricisidir. Nəzərinizə çatdıraq ki, "Cybernet" MMC 2011-ci ildən “Synergy Group”-a daxil olmaqla, informasiya texnologiyaları sektorunda müasir Azərbaycanın biznes simasına çevrilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR