Azərbaycanda bank aktivlərinin 70%-i kreditlərin payına düşür

Azərbaycanda bank aktivlərinin 70%-i kreditlərin payına düşür
# 03 oktyabr 2013 12:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 3 907,04 mln. manat və ya 26,0% artaraq 2013-cü il sentyabrın 1-nə 18 918,90 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin yanvar-avqust ayları ərzində aktivlərin həcmi 2 388,49 mln. manat və ya 14,5% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 13 187,0 mln. manat (ümumi aktivlərin 69,7%-i) təşkil edir. Bundan başqa, aktivlərin strukturunda investisiyalar (1 519,9 mln. manat), müxbir hesabları (987,7 mln. manat), nağd vəsaitlər (813,4 mln. manat), maliyyə sektoruna verilən kredit və depozitlər (721,2 mln. manat) və digər aktivlər (1 689,7 mln. manat) əhəmiyyətli paya malikdir.

Qeyd edək ki, bank sistemi üzrə aktivlərin 70%-nin kreditlər təşkil etməsi bank sektoru üçün müsbət göstərici deyil. Belə ki, bu göstəricinin yüksək olması Azərbaycan banklarının əsasən kreditləşmə ilə məşğul olduğunu və müvafiq olaraq bank əməliyyatlarında qeyri-kredit əməliyyatlarının çox kiçik rol oynadığını göstərir.

Passivlərin strukturunda 8 438,7 mln. manat depozitlər, 6 180,3 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 229,4 mln. manat digər öhdəliklərin payına düşüb. Passivlərin tərkibində kapitalın həcmi isə 3 070,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR