Tiflisdə keçirilən beynəlxalq konfransda Bakı-Tiflis-Qars dəmir yolu müzakirə edilib - FOTO

Tiflisdə keçirilən beynəlxalq konfransda Bakı-Tiflis-Qars dəmir yolu müzakirə edilib - <span style="color: red;">FOTO
# 16 may 2013 12:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis (Gürcüstan) şəhərində “Asiya və Avropa arasında körpü: Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi inteqrasiya" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir ABŞ Dövlət Departamenti, Mərkəzi Asiya və Qafqaz Elmi Araşdırmalar İnstitutunun təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Tədbirin başlanğıcında Əfqanıstanda Gürcüstan hərbi qulluqçularının həlak olması münasibətilə başsağlığı verilib və 20 nəfər yaralı əsgərə şəfa arzulanıb. Tədbirdə ABŞ dövlət katibinin müavininin köməkçisi Lynne Tracy, Gürcüstanın baş naziri Bidzina İvanişvili, iqtisadiyyat naziri Giorgi Kvirikaşvili, Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov, Vaşinqton Universitetinin tədqiqatçı alimi Mamuka Sereteli, Türkiyə Nəqliyyat Nazirliyinin dəniz və kommunikasiya işləri üzrə baş direktor müavini Ərdəm Direklər və başqaları çıxış ediblər.

Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri təmsil edib.

Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxışında keçirilən tədbirin Gürcüstan üçün vacib olduğunu bildirib: “Bizim məqsədimiz Şərq ilə Qərbi birləşdirməkdir. Biz tranzit mərkəz kimi fəaliyyət imkanlarımızı genişləndirəcək, eyni zamanda nəqliyyat infrastrukturu, biznesin inkişaf etdirilməsi, qonşu ölkələrlə uğurla əməkdaşlıq kimi prioritet istiqamətləri inkişaf etdirəcəyik. Bu prioritet istiqamətlərdən magistral avtomobil yollarının reabilitasiya edilməsinə, dəmiryolunun yaxşılaşdırılmasına və yeni layihə olan Bakı-Tiflis-Qars dəmiryolunun və infrastruktur obyektlərinin, terminal və limanların tikintisinə investisiya ayrılıb. Bu işləri həyata keçirmək üçün bizim əsasımız var. Yeni hakimiyyət biznesin inkişafı üçün hər bir şərait yaradıb. Bizdə vergilər çox aşağıdır, 16% vergi ödəməklə ölkəyə istənilən investisiya cəlb etmək olar”.

Gürcüstanın iqtisadiyyat naziri G.Kvirikaşvili çıxışında BTQ dəmiryolunun yükgötürmə qabiliyyətinin başlanğıcda 5 mln. tondan çox olacağını və artaraq 150 mln. tona çatacağını bildirib: “BTQ dəmiryolu bizi Avropa dəmiryolu ilə birləşdirəcək. Biz Batumi, Poti limanlarını da bərpa edəcəyik. Gürcüstanın daxili dəmiryolunun 170 km sahəsi yaxşılaşdırılıb, 290 km strukturun bərpa edilməsini də həyata keçirəcəyik. Gürcüstanda həyata keçiriləcək layihələrə 100 mln. dollardan çox investisiya yatırılacaq”.

Konfrans panel iclaslarla işini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR