Tiflisdə Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Tiflisdə Qurtuluş Gününə həsr edilən tədbir keçirilib
# 14 iyun 2016 19:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən GürcüstanAzərbaycanlılarının Ağsaqqallar Şurasının (GAAŞ) təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə tədbir iştirakçıları Heydər Əliyevinin Tiflisdəki büstünü ziyarət edərək əklil qoyublar. GAAŞ-nın sədri İshaq Novruzov bu günün ictimai, siyasi, tarixi əhəmiyyəti barədə fikirlərini bildirib.

Sonra tədbir Tiflisdəki Ambasador hotelində davam etdirilib. Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri, keçmiş parlament deputatı, Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndəsi İshaq Novruzov çıxışında IV Qurultay barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, 500-dən çox nümayəndə qatılan qurultayda Azərbaycan prezidenti İlham Əliyevin proqram xarakterli çıxışı haqqında fikirlərini iştirakçılara çatdırıb: “Biz Gürcüstanda müxtəlif adət-ənənələrimizi və dini bayramlarımızı qeyd edirik. Bunun üçün dövlət bizə istənilən şərait yaradıb. Biz həmçinin azərbaycanlı olaraq həmişə dövlətimizin daxili və xarici siyasətini dəstəkləmişik. Bizə birlik və Gürcüstanın müxtəlif idarə və təşkilatlarında, hökumətin müxtəlif strukturlarında yer tutmaq və gənclərimizin gələcəyi üçün çalışmaq lazımdır. Bu barədə bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında da bildirilib. Azərbaycan prezidenti öz çıxışında bizi birliyə, diasporanın inkişafına çağırıb, həmçinin bizə hər sahədə dəstək olunacağını deyib. Bu, bizi ruhlandırır. Dünyada 450-dək diaspora təşkilatı fəaliyyət göstərir. Gürcüstanda fəaliyyət göstərən təşkilatlar da bu birliyə çalışmalıdır”.

Tədbirdə çıxış edənlər ölkədə yaşayan bütün azərbaycanlıları birliyə, Azərbaycançılıq ideyalarını yaymağa, təşkilatlar arasında əməkdaşlığı gücləndirməyə, Azərbaycan həqiqətlərini yaşadıqları ölkə daxilində yaymağa, ölkənin ictimai-siyasi həyatında fəal olmağa, hüquqların müdafiəsinə, azərbaycanlıların mədəni irsinin qorunmasına, dinimizin təbliğinə və saflığına çağırıblar.

Tədbirdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri də iştirak ediblər.

Tədbirin sonunda müsəlman məzhəbləri arasında ayrılıq salmaq istəyən media və sosial şəbəkələr vasitəsi ilə söylənilən fikirlərə də münasibət bildirilib. Tədbir iştirakçıları Gürcüstanın Baş naziri Qeorgi Kvirikaşvili və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze və Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət qəbul ediblər.

Görüşdə Qardabanidən, Marneulidən, Bolnisidən, Saqarecodan, Qabal kəndindən və digər bölgələrdən gələn ağsaqqallar, dindarlar, jurnalistlər və ziyalılar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR