İqtisadiyyat və sənaye və kənd təsərrüfatı nazirləri Quba-Xaçmaz iqtisadi rayonunun sahibkarları ilə görüşüblər

İqtisadiyyat və sənaye və kənd təsərrüfatı nazirləri Quba-Xaçmaz iqtisadi rayonunun sahibkarları ilə görüşüblər
# 29 avqust 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüblər.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş görüşdə 40-a yaxın iri meyvə-tərəvəz istehsalçısı, emal müəssisələrinin və logistik mərkəzlərin rəhbərləri iştirak edib.

Görüşdə qeyri-neft sektorunun ixrac potensialına, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalına, ölkənin ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirlərinə, bu sahədə sahibkarların üzərinə düşən vəzifələrə dair müzakirələr aparılıb.

Ş. Mustafayev bildirib ki, hazırda ölkənin bütün iqtisadi rayonlarında, o cümlədən Quba-Xaçmazda müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, logistik mərkəzlər fəaliyyət göstərir: “Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Belə ki, bu yaxınlarda Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulub. Görülən dəstək tədbirlərinin nəticəsində Azərbaycanın ixrac imkanları genişlənmiş, qeyri-neft məhsullarının ixracı artıb. Bu gün rəqabətqabiliyyətli yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz geniş potensiala malikdir”.

Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi sahəsində dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayan Ş. Mustafayev bu sahədə keyfiyyətli və ixracyönümlü məhsul istehsalının, məhsulların standartlara uyğun markalanmasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

H. Əsədov çıxışında qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri, bu sahədə yeni yanaşma üsulları barədə məlumat verib. Qeyd edib ki, kənd təsərrüfatının inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. H. Əsədov aqrar sahədə fəaliyyət göstərən istehsalçılar və emalçılar arasında kooperasiya əlaqələrinin inkişaf etdirilməsinin, Azərbaycan brendinin formalaşdırılmasının, sifarişlərin yerinə yetirilməsi zamanı müqavilələrin birbaşa bağlanmasının və müqavilə öhdəliklərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Görüşdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə təşəkkür etmiş, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin daha da inkişafı, ixrac imkanlarının genişləndirilməsi və s. məsələlərə dair fikirlərini bölüşmüş, müxtəlif təkliflər səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR