Böyük Bakının Regional İnkişaf Planı ilə bağlı ictimai dinləmələr başlayıb

Böyük Bakının Regional İnkişaf Planı ilə bağlı ictimai dinləmələr başlayıb
# 15 mart 2012 16:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı və ətraf ərazilərin inkişaf planı hazırlanarkən ictimaiyyətin təklifləri də nəzərə alınacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsinin açılış toplantısında bildirib.

Onun sözlərinə görə, məqsəd ictimaiyyəti layihənin icra vəziyyəti ilə tanış etmək və bu barədə ictimaiyyətin rəy və təkliflərinin öyrənilməsindən ibarətdir. Qeyd edilib ki, bu layihə Bakı şəhərinin tarixində altıncı, müstəqil Azərbaycanın tarixində isə birinci İnkişaf Planıdır. Son 10 il ərzində Azərbaycanda sürətli inkişafın baş verdiyini və bu inkişafın böyük bir hissəsinin Abşeron yarımadasının payına düşdüyünü deyən komitə sədri bildirib ki, bununla əlaqədar paytaxt üçün müasir, elmi əsaslarla hazırlanmış, qabaqcıl texnologiyalara malik peşəkar və geniş inkişaf planı zəruridir.

Toplantıda Layihənin İşçi Qrupunun rəhbəri Novruz Eldarlı layihənin strukturu, məzmunu, məqsədləri və mahiyyəti haqqında məlumat verərək bildirib ki, paytaxtın 11 rayonu ilə birlikdə Sumqayıt və Xırdalan şəhərləri də əhatə edən layihənin ümumi planlaşdırma sahəsi 253 min hektar təşkil edir. N.Eldarlı qeyd etdi ki, BBRİP-in 4 müstəqil məsləhət xidmətləri vasitəsilə həyata keçirmək nəzərdə tutulur. Layihənin koordinatoru Bakı Dövlət Layihə institutu, digər 3 məsləhətçi isə Strateji Ekoloji Qiymətləndirmə Məsləhət Xidmətləri üzrə məsləhətçi Beynəlxalq şirkət, Ərazi İnkişaf Planlaşdırması Məsləhət Xidmətlərinin məsləhətçisi Anjelo De Urso (İtaliya) və Yerli İqtisadi İnkişaf Strategiyası Məsləhət Xidmətlərinin məsləhətçisi Kaya Millerdir (ABŞ).

Tədbirdə Böyük Bakının Regional İnkişaf planının www.boyukbaki.az elektron saytının təqdimatı da keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR