«Thomson Reuters» agentliyi Azərbaycana «Bilik Şəbəkəsi» bazasına çıxış təqdim edəcək

«Thomson Reuters» agentliyi Azərbaycana «Bilik Şəbəkəsi» bazasına çıxış təqdim edəcək
# 05 oktyabr 2012 06:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Thomson Reuters» şirkətinin elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Ə.Abbasov qeyd edib ki, 92 ölkədə 6 500-dən çox elm ocağını birləşdirən «Thomson Reuters»in «Bilik Şəbəkəsi» dünya üzrə alimlərin, elmi jurnalların, patent və elmi kəşflərin, texnoloji və innovasiya informasiyalarının obyektiv reytinqini tətbiq etməkdə əvəzsiz rol oynayır.

Nazir Azərbaycanda dərc olunan «Applied and Computational Mathematics» jurnalının məlum şəbəkədə təmsil olunması və 10-a yaxın azərbaycanlı alimin elmi tədqiqatlarının həmin şəbəkədə yerləşdirilməsini yüksək qiymətləndirib və azərbaycanlı alimlərin «Bilik Şəbəkəsi»ndə təmsil olunması sayəsində ölkənin elmi nailiyyətləri, aparılan tədqiqatlar barədə «Thomson Reuters» kimi şirkət vasitəsi ilə dünyaya çatdırılmasını vacib və mühüm hadisə kimi qiymətləndirib.

Öz növbəsində K.Makqreqor Bakıda Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirliklərinin, Müəllif Hüquqları Agentliyi və Milli Elmlər Akademiyasının «Thomson Reuters» şirkəti ilə birgə elmi konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirərək qeyd edib ki, bu konfrans və görüşün keçirilməsi Azərbaycanda elmin inkişafına yeni bir təkan verəcək, «Thomson Reuters»in bazasına Azərbaycandan informasiya axınını təmin edəcək, elm və humanitar sahələrdə yeni istedadlı alimlərin aşkar olunması, onların dünya elm məkanına qoşulmasında müsbət rol oynayacaq.

Görüşdə həmçinin, sözügedən «Bilik Şəbəkəsi» bazasına Azərbaycanın çıxışının təmin edilməsi üzrə müqavilənin şərtləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR