Özbəkistan prezidenti: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”

Özbəkistan prezidenti: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”
# 12 oktyabr 2012 16:23 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov mətbuata bəyanatlarla çıxış ediblər. APA-nın məlumatına görə,
prezident İ. Kərimovun Azərbaycana səfərinin əhəmiyyətini vurğulayan prezident İ. Əliyev ölkələr arasında əlaqələrin dinamik və uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin bütün sahələrdə genişləndirilməsinə güclü təkan verdiyini bildirib.

Dövlət başçısı ölkələr arasında beynəlxalq qurumlarda da fəal qarşılıqlı əlaqələri məmnunluqla qeyd edib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Özbəkistanın dəstəyinə görə minnətdarlığını çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də göstərilən dəstəyə görə Özbəkistan prezidentinə təşəkkürünü bildirib: “Azərbaycan da beynəlxalq arenada qardaş özbək xalqına dəstək olub, bundan sonra da olacaq”.

Azərbaycanın reallaşdırdığı kommunikasiya layihələri haqqında danışan dövlət başçısı deyib ki, Azərbaycan və Özbəkistan yeni İpək Yolu tikir: “Bu yol qitələri birləşdirərək, uzun illər böyük nəqliyyat potensialını təmin edəcək və regionda etimadın möhkəmlənməsinə töhfə verəcək”.

Prezident İ. Əliyev bu günlərdə keçirilmiş Hökumətlərarası Komissiyanın iclası zamanı da əməkdaşlığın istiqamətlərinin müəyyən edildiyini bildirib. Dövlət başçısı ölkələr arasında ticarət dövriyyəsinin lazımi səviyyədə olmadığını da qeyd edib.

Bu gün humanitar əməkdaşlıq məsələsinin də geniş müzakirə mövzusu olduğunu deyən Azərbaycan prezidenti vurğulayıb ki, hər iki dövlət mədəni, milli irsin möhkəmləndirilməsi məsələsində eyni mövqedən çıxış edir.

Görüş zamanı Azərbaycanla Özbəkistan arasında ticari-iqtisadi münasibətlərin müzakirə edildiyini deyən prezident İ. Kərimov da bildirib ki, ticarət əlaqələrinin bugünkü səviyyəsi nə Özbəkistan, nə də Azərbaycan tərəfini qane edir, bu sahədə mövcud potensialdan tam istifadə edilmir.

Azərbaycanı bu gün yeni kommunikasiya, tranzit xətlərinin inşası üzrə lider adlandıran Özbəkistan prezidenti Azərbaycanın 10-15 il əvvəl reallaşması mümkün sayılmayan layihələrin mühüm təşəbbüskarı olduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Özbəkistan prezidenti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayıb: “Münaqişə şəraitində olan Azərbaycanın böyük uğurlara imza atması Azərbaycan xalqının qəhrəmanlığıdır”.

İ. Kərimov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin dünya siyasətinin reallaşmasında Azərbaycanın rolunun beynəlxalq arenada etirafı kimi qiymətləndirib.

O, prezident İ. Əliyevi Özbəkistana rəsmi səfərə dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR