“Xalq yaradıcılığı paytaxtları”nın təqdimatı keçirilib - FOTOSESSİYA

“Xalq yaradıcılığı paytaxtları”nın təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 mart 2012 13:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 2012-ci il üçün Azərbaycanın “xalq yaradıcılığı paytaxtları”nın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması sahəsindəki vəzifələr və bu il üçün “paytaxt” seçilən şəhərlərin elan edilməsi haqqında fikirlərini bildirib: “Bu layihə özünü çox doğruldur. Hətta ayrı-ayrı bölgələr bu adı qazanmaq üçün rəqabətə girir. Çünki bu layihə rayonun mədəni inkişafına müsbət təsir göstərir. Oraya nazirliyin köməyi ilə müxtəlif tədbirlərin salınması, mədəniyyət xadimlərinin getməsi, rayonun tarixi və adət-ənənələrinə daha yaxından maraq göstərilməsi rayonun imicinə müsbət təsir göstərir”.

Keçənilki “paytaxt”larda müsbət göstəricilərə nail olunduğunu deyən nazir, bu layihənin davamlı olacağını qeyd edib: “İl ərzində Gədəbəy, Masallı və Quba rayonlarında nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və başqa tədbirlərin təşkili nəzərdə tutulub”.

Tədbirin davamında keçənilki “paytaxt”ların nümayəndələrinə tədbirlər planının icrasına görə fəxri diplomlar və mükafatlar verilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən 2012-ci il üçün Gədəbəy şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və Quba şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR