Bu ilin qalib mahnısı «Euphoria»nın bəstəkarı indiyədək «Eurovision» müsabiqəsi üçün 58 kompozisiya yazıb

Bu ilin qalib mahnısı «Euphoria»nın bəstəkarı indiyədək «Eurovision»  müsabiqəsi üçün 58 kompozisiya yazıb
# 30 may 2012 15:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu ilin qalib mahnısı «Euphoria»nın bəstəkarı indiyədək «Eurovision» müsabiqəsi üçün 58 kompozisiya yazıb. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, İsveçə 13 ildən sonra yeni “Eurovision” qələbəsi qazandıran, mahnının bəstəkarı Thomas G:son “Eurovision” səhnəsinə çıxmaq uğrunda yarışan 58 mahnının müəllifidir. Bu ölkələr sırasında İsveçlə yanaşı, İspaniya, Norveç, Finlandiya, Danimarka, Polşa, Latviya, Rumıniya və Belçika da var. Həmin mahnılardan yalnız 7-si 2001, 2006, 2007, 2010 və 2012-ci illərdə “Eurovision” Mahnı Müsabiqəsində səslənmə imkanı qazanıb.

Thomas G:son 1999-cu ildən müntəzəm olaraq “Eurovision” mahnılarının bəstəkarı kimi fəaliyyət göstərsə də, bu səhnədə ilk qələbə sevincini məhz 2012-ci ildə "Euphoria" mahnısı ilə yaşaya bilib. Bəstəkarın builki müsabiqədə daha bir mahnısı İspaniya təmsilçisi Pastora Solerin ifasında səslənib. Onun Tony Sánchez-Ohlsson və Erik Bernholmla birgə ərsəyə gətirdiyi "Quedate conmigo" mahnısı ilk onluqda yer alıb. Bu mahnı Thomasın İspaniya üçün yazdığı ikinci “Eurovision” bəstəsi idi.

"Euphoria"nın digər həmmüəllifi Peter Boström ilk mahnısını 7 yaşında yazıb. 21 yaşında şəxsi prodüser şirkətini yaradan musiqiçi İsveçin məşhur ifaçıları ilə işləyir. Bəstəkar 2008-ci ildə İsveçin populyar Melodifestivalen yarışmasına mahnılar yazmağa dair müqavilə imzalayıb. Qeyd edək ki, ölkənin “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi məhz bu yarışmada müəyyən olunur.

Peter Boström bu il Norveç təmsilçisi Toojinin "Bakı Kristal Zalı" səhnəsində ifa etdiyi "Stay" mahnısının da bəstəkarlarından biridir. Onun Thomasla birlikdə yazdığı "Euphoria" mahnısı 372 səslə birinci olduğu halda, Norveç üçün bəstələdiyi "Stay" mahnısı 7 səslə sonuncu yerdə qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR