Mübariz Əhmədoğlu: “İranlıların ali dini liderinin Azərbaycanın müstəqilliyinə və Dağlıq Qarabağ münaqişəsinə publik münasibətini heç kim bilmir”

Mübariz Əhmədoğlu: “İranlıların ali dini liderinin Azərbaycanın müstəqilliyinə və Dağlıq Qarabağ münaqişəsinə publik münasibətini heç kim bilmir”
# 04 iyun 2012 09:08 (UTC +04:00)
Bakı-APA. “Azərbaycanın müstəqillik əldə etməsi, Dağlıq Qarabağ münaqişəsinin başlaması və aktiv fazaya keçməsi iranlıların ali dini lideri Xamneyinin vəzifəyə gəlməsi ilə eyni dövrə düşür. İranlıların dini lideri Xamneyinin vəzifəyə sahiblənməsi Azərbaycanın müstəqilliyinin elan olunmasından əvvələ də düşsə, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından sonraya düşür.” APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Politoloq xatırladıb ki, iranlıların ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Vilayəti o zaman xarici işlər naziri idi: “Xamneyinin prezidentliyinin son dini liderliyinin ilk xarici işlər naziri olan Vilayəti Azərbaycanın müstəqilliyinin tanınmaması istiqamətində kifayət qədər aktiv fəaliyyət göstərdi. Moskvaya səfər edib müəyyən qüvvələri Azərbaycanın müstəqilliyinin elan olunmasına qarşı çevirməyə cəhd etdi. Əlimizdə olan məlumata görə, o zaman Vilayətiyə Moskvada dərhal “yox” deyilməyib. Təklifləri bir müddətdən sonra rədd olunub. Azərbaycanın dövlət müstəqilliyinin tanınmasının əleyhinə Vilayətinin atdığı addımlar özbaşına olmayıb və o zamankı dini liderin göstərişi reallaşdırılıb. Bu heç də Vilayətinin rolunu və statusunu azaltmır. İranın müasir tarixinin ən həlledici şəxslərindən olan Vilayəti münasibəti və münasibətsizliyi ilə İranın təkcə xarici siyasətinin deyil, ümumilikdə siyasətin, həm də uzun müddətə müəyyənləşməsində iştirak etmişdir və edir. Şah rejimindən molla rejiminə, liberal (qərb) düşüncədən milli (fars) düşüncəyə keçidi və bağlılığı bu adam təmin etmişdir. “İrangeyt”in memarı olan Vilayəti, həm də ermənilərin hamisi olmuşdur. Ermənistanla bağlı tezisin də müəllifi odur.

İranlılarin ali dini liderlərinin yanında Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ məsələsi cəmi 2-3 dəfə müzakirə edilib. Sonradan olan bütün müraciətlərə iranlıların ali dini liderinin dəftərxanası ümumi cavablar vermişdir. İranlıların ali dini lideri Ermənistanın Azərbaycana hücumu fonunda Azərbaycanın dövlət müstəqilliyini tanınmasına razılıq vermişdir. İranın təhlilləri Azərbaycan dövlətinin yaşamayacağını, öləcəyini göstərirdi. O zaman da yanılıblar, indi də yanılırlar.

Dini liderin, müctəhidlərin müsəlmanın torpağının işğalına dözməsinə haqqı olmamalıdır. Bu dinimizə qarşı ən böyük hörmətsizlikdir. İran islam inqilabının rəhbəri S.R.M. Xomeyni 2-3 il də yaşasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərdi.

Azərbaycan Respublikası rəhbərləri Dağlıq Qarabağ məsələsini iranlıların ali dini liderinin qarşısında qaldırıblar. Cavab daha çox söhbət mövzusunun başqa istiqamətə yönəlməsindən ibarət olub. İranlıların ali dini liderinin Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ məsələsinə münasibətinin ən yaxşı biliciləri Əliəkbər Vilayəti, Əliəkbər Haşimi Rəfsəncani və Əliəsğər Nəhavəndiyandır.

İndi uzun müddətdir ki, heç kim dini liderin qarşısında Qarabağ məsələsinin adını çəkə bilmir.

Bir neçə məqamı da diqqətə çatdırmağı faydalı hesab edirik: iranlıların ali dini lideri etnik mənsubiyyətinə görə azərbaycanlıdır. Bu gün Azərbaycanda milli düşüncə hakim düşüncədir. Məhz bu kontekstdən İran kimi dövlətin başında azərbaycanlının dayanması qürur mənbəyidir, xüsusən, də indi. Azərbaycan Respublikası özü öz müstəqilliyini təmin edib, uğurlu inkişafdadır, Qarabağ məsələsinin həllinə də yaxınlaşıb. Başqa sözlə, azərbaycanlı və ya qeyri-azərbaycanlı olmasından asılı olmayaraq, kimsənin belə məsələlərlə bağlı belə mövqeyi indi Azərbaycan Respublikasında o qədər ciddi təlaş yaratmır. Bəlkə də iranlıların ali dini liderinin belə mövqeyi İranın zəifləməsinə, parçalanmasına şərait yaratdığı üçün strateji baxımdan tamamilə fərqli dəyərləndirmə yarada bilər. Azərbaycan Respublikası İranla “bədbəxtlik qardaşı” olmadı. Biz xoşbəxtliyə tərəf gedirik. İran arzulayırsa, bacarırsa, gəlsin bizimlə “xoşbəxtlik qardaşı” olsun.

Diqqətə çatdırmaq istədiyimiz digər məsələ iranlıların ali dini liderinə söz çatdırmağın mümkün olmaması ilə bağlıdır. Asket həyat tərzi keçirən bu lider təkbaşına hökmranlıq iddiasındadır. Tarixdə belə analogiya var: Stalin. Çox az adam Stalinin ölüm səbəbini bilir. Stalinin ölümünün əsl səbəbi özünün özü haqqında müəyyənləşdirdiyi qayda olub: “heç kəs mənə yaxınlaşmamalı, heç kəs heç nə deməməlidir. Yuxudan ayılıb qapını açdığım zaman xidmətçilər və onların dalınca təhlükəsizlik xidmətinin əməkdaşları otağa girə bilərlər”. Bu qayda səbəbindən beyin insultu keçirən Stalin, ən azı, 20 saat həkim yardımından kənarda qalıb. Bu dövr ərzində heç kim cürət edib içəri girə bilməyib. Təhlükəsizlik xidmətinin əməkdaşı qapını açıb içəri girdikdə Stalinin hərəkətsiz halda nəfəs aldığını görüb. Ölüm haqq işidir. Heç kəs kimin nə zaman dünyasını dəyişəcəyini bilmir. Allah ömrünü uzun etsin, amma bir anlığa düşünsün ki, İslam inqilabının rəhbəri Xomeyni salamat olsaydı, Dağlıq Qarabağ münaqişəsinə necə münasibət bildirərdi?

İranın siyasətini dəyişməsinə ciddi ehtiyacı var. İran geriləyir. Qloballaşma dövrüdür: hansısa bir proses sürətlə inkişaf etdiyi kimi sürətlə də geriləyə bilər. İranın bir dənə də olsun dostu yoxdur. Əgər Ermənistanı dost hesab edirsə, səhv edir; ən böyük düşməni Ermənistandır. Bir azdan hər şey üzə çıxacaq.

Bizə uşaqlıqdan öyrədiblər ki, islamın ən mühüm prinsiplərindən biri qonşu haqqıdır. İran İslam Respublikasının rəhbərliyi “Qonşu Allahın qonşusudur” adlı konsepsiya reallaşdıra bilər. Hətta iki qonşusu arasında ədavət də varsa, ona da müdaxilə edə bilər. Hər halda İranın indiki uğursuz siyasətinin dayandırılmasına ciddi ehtiyac var.

Şiə olmağımız əlavə gərginlik mənbəyi olmamalıdır.

Ötən 22 ildə İran İslam Respublikası Azərbaycan Respublikası ilə normal qonşu olsaydı, torpaqlarımız işğal altında qalmazdı. İrana qarşı isə qərbin indiki sanksiyaları mənasız olardı. Azərbaycan Respublikası ildə 10 milyon ton neft, 12 milyard kubmetr təbii qaz istifadə edir. SVAP əməliyyatı ilə İranın neft və qazını alıb daxilimizdə işlədib, öz neft-qazımızı xaricə satardıq. Qərblə İranın vəziyyəti bu həddə çatmamış “NABUCCO”nu da işə buraxmaq olardı. Bu halda qərbin İrana qarşı sanksiyalarının təsiri itər və beləliklə mənasız olardı. İrandakı beyinlər bunu görə bilməz. Onlar ancaq antiazərbaycancılıq bilirlər. O da indi öz qənimlərinə çevrilib; İnsanları bizə oxşamaq istəyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR