Bakıda Azərbaycan və Rusiya dövlət statistika orqanlarının rəhbərləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Rusiya dövlət statistika orqanlarının rəhbərləri arasında görüş keçirilib
# 21 may 2012 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Rusiya Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov arasında işçi görüş keçirilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, danışıqların məqsədi iki qurum arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafının müzakirəsi olub.

Görüş zamanı A.Vəliyev hər iki dövlətin statistika orqanlarının işində qarşılıqlı fəaliyyətin gedişi və nəticələri ümumilikdə müsbət qiymətləndirib, gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. A.Vəliyev qeyd edib ki, iki qurum arasında qarşılıqlı fəaliyyət 2001-ci ildə imzalanmış statistika sahəsində əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir. Son onillikdə statistik müşahidələrin təşkili, xarici ticarət statistikası, ikitərəfli ticarətə dair göstəricilərin müqayisəsi, metodoloji vəsaitlərin və statistik nəşrlərin mübadiləsinin təşkili həyata keçirilib və «Azərbaycan və Rusiya - 2006» adlı birgə məcmuə buraxılıb. Öz növbəsində A.Surinov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib və qeyd edib ki, Azərbaycan iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsində maraqlar qarşılıqlı xarakter daşıyır.

Danışıqlar zamanı tərəflər statistik nəşrlərin dərc olunması, statistik metodologiyanın və məlumatların mübadiləsi istiqamətində birgə qarşılıqlı fəaliyyətin gücləndirilməsi niyyətində olduqlarını bildirib. Tərəflərin fikrincə, əməkdaşlığı statistika fəaliyyətinin təşkili sahəsində əsas yanaşmaların unifikasiyasına və metodoloji prinsiplərin uyğunlaşdırılmasına yönəltmək lazımdır ki, bu da gələcəkdə Rusiya ilə Azərbaycan arasında hökumətlərarası əməkdaşlığa informasiya dəstəyi üçün geniş imkan yaradacaq.

Tədbirdə qarşılıqlı maraqlar rəhbər tutularaq tərəflər arasında əməkdaşlığın istiqamətləri müəyyən edilib. Sonda A.Vəliyev və A.Surinov arasında danışıqlar protokolu imzalanıb. İkitərəfli əlaqələrin inkişafını və əməkdaşlığın yeni prioritetlərini nəzərə alaraq, tərəflər statistika sahəsində əməkdaşlıq barədə yenilənmiş razılaşmaların imzalanmasına çalışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR