Qəbələdə şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib

Qəbələdə şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib
# 16 mart 2012 11:37 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 16-da “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabət qabiliyyətli şərab məhsullarının istehsalının artırılması” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak edib.

Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, xarici ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov çıxış edib.

Qəbələ və ətraf rayonlarda şərabçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir şərab emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli işgüzar şəraitin olduğu qeyd edilib. Rayonda fəaliyyət göstərən şərab istehsalı müəssisələrinin istehsal etdiyi yüksək keyfiyyətli məhsullar xarici ölkələrə ixrac edilir və bu məhsullara tələbat ilbəil artır. Tədbirdə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq üzümçülüyün və şərab istehsalının inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Sahibkar Qadınlar Forumunun nümayəndələri və yerli sahibkarlar çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR