Müxalifət partiyasının sədri: “Bu səkkiz partiya Azərbaycanda indiyə qədər baş verən əksər oyunların iştirakçısıdır”

Müxalifət partiyasının sədri: “Bu səkkiz partiya Azərbaycanda indiyə qədər baş verən əksər oyunların iştirakçısıdır”
# 13 avqust 2012 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Özlərinin əsas müxalifət partiyaları kimi təqdim edən həmin təşkilatlar bu və ya digər şəkildə indiki hakimiyyətin qurulmasında, möhkəmlənməsində iştirak etmiş, maddi və deputat mandatı naminə iqtidarla alverə getmiş partiyalardır”.

Bunu APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Bir neçə gün öncə müxalifətdə təmsil olunan 8 partiya liderinin iftar məclisi zamanı görüşünə münasibət bildirən Ə. Oruc bildirib ki, Azərbaycanın siyasi səhnəsində olan müxalifət partiyalarının əksəriyyətinin liderləri normal təfəkkürlərini itirmiş şəxslərdir: “Bu partiya sədrləri siyasi konfiqurasiyasını şəxsi maraqlarına və lider kimi görünmələrinə sərf edən formada təqdim edirlər. Bu səkkiz partiya Azərbaycanda indiyə qədər baş verən əksər oyunların iştirakçısıdır. Xalq bu partiyaları yaxşı tanıdığına görə müxalifətə olan inamı sarsılıb. Ona görə də hamı əsl müxalifətə bir qədər tərəddüdlə baxır”.

Ə. Oruc qeyd edib ki, heç vaxt bu partiyalarla bir qurumda təmsil olunmaq niyyətində olmayıb: “Sadəcə, müxalifətin və ya siyasi düşərgənin bir yerdə olması naminə prinsipləri gözləmişəm. Bədbəxtliyimiz bundadır ki, beynəlxalq təşkilatlar və hakimiyyət də bu partiyaları müxalifət kimi qəbul edir. Bu da cəmiyyətin müxalifətə münasibətinin formalaşmasına səbəb olub”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə bu yığıncağı sıradan görüş hesab edir. “Müxalifət hazırda axtarışdadır. Seçkiqabağı müxtəlif formatlı görüşlərin olması təbiidir. Bu görüşləri bir nəticə kimi dəyərləndirmək düzgün deyil. Biz isə ilk növbədə partiyamızın güclənməsini istəyirik. Bu məqsədlə uzun müddət əməkdaşlıq edə biləcəyimiz tərəfdaş axtarışındayıq. Növbəti hədəfimiz isə ümummilli müxalifət birliyinə nail olmaqdır”, - deyə S. Əkbər APA-ya bildirib.

Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bir neçə gün əvvəl səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət edib. Restoranların birində baş tutan iftar süfrəsinə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR