Azərbaycan qızıl və gümüş hasilatını azaldıb

Azərbaycan qızıl və gümüş hasilatını azaldıb
# 16 may 2012 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 399,6 kq qızıl hasil edilib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 34,1% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 291,8 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-aprel aylarına nisbətən 45,5% azdır.

Cari ilin mayın 1-nə Azərbaycanda qızıl və gümüşün hər birinin hazır məhsul ehtiyatı 25 kq olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında ölkədə 691,4 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2011-ci ilin analoji ayları ilə müqayisədə bu göstərici 40,1% azalıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Ümumiyyətlə, ölkədə qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında «Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» imzalanmış saziş əsasında aparılır.

Qeyd edək ki, 2011-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankında saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513,6 kq) bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR