Azərbaycan Dövlət Neft Fondunun məcmu daxilolmaları 66,282 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun məcmu daxilolmaları 66,282 mlrd. dollara çatıb
# 30 mart 2012 07:51 (UTC +04:00)
ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, həmin vəsaitin 63 320,5 mln. dollarını və yaxud 95,5%-ni neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 1 337,0 mln. dollarını və ya 2%-ni ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər, 8 375,7 mln. dollarını və ya 2,5%-ni digər gəlirlərdən daxilolmalar təşkil edib: «Fəaliyyətə başlayarkən 271 mln. dollara bərabər olan Fondun aktivlərinin həcmi 2011-ci ilin dekabrın 31-nə 29,800 mlrd. dollar təşkil edib».

«Bu dövrə ərzində ARDNF-in xərcləri 28 342,2 mln. manat (35 092,4 mln. dollar) təşkil edib. Bu vəsaitin 25,180 mlrd. manatını (31 300,8 mln. dollar) və yaxud 89%-ni dövlət büdcəsinə transfert ödənişləri təşkil edib ki, büdcəyə transfertlər 2003-cü ildən etibarən həyata keçirilir. Beləliklə, sözügedən dövr ərzində Fonda daxil olan vəsaitin 46%-i yığıma yönəldilib», - deyə ARDNF-dan bildirilib.

Fondun investisiyalarının 95%-i dollar, avro və funt sterlinq, qalan 5%-i isə digər valyutalarda ifadə olunmuş (denominasiya edilmiş) aktivlərdə yerləşdirilir: «Fondda saxlanılan vəsaitlərin bir hissəsi səriştəli xarici menecerlər tərəfindən idarə olunur. Ötən ilin dekabrın 31-nə xarici menecerlərin idarəetməsində olan vəsaitin ümumi miqdarı təqribən 267 mln. dollar təşkil edib ki, bu da göstərilən tarixə Fondun ümumi aktivlərinin 0,9%-ni təşkil edib».

Eyni zamanda, ARDNF tərəfindən Bakı-Tbilisi-Ceycan neft ixrac boru kəmərinin tikintisinə 298 mln. manat, Azərbaycan İnvestisiya Şirkəti yaradılarkən, şirkətin nizamnamə kapitalının formalaşmasına 90 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 222,4 mln. manat, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinə 779,6 mln. manat, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsinə 857,8 mln. manat, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda nəzərdə tutulmuş «Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi» ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 695,5 mln. manat, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə 34,8 mln. manat yönəldilib.

Qeyd edək ki, ARDNF 1999-cu ilin dekabrın 29-da yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR