Azərbaycan Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
# 28 sentyabr 2012 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın Belçikadakı səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərovla görüşüb. Görüşdə Belçika-Azərbaycan münasibətlərində İKT aspekti üzrə müzakirələr aparılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Avropa İttifaqına daxil olan ölkələr arasında Belçikanın İKT, eləcə də poçt sahəsində böyük təcrübəyə malik olduğunu deyən səfir qeyd edib ki, bu baxımdan, artıq regionda İKT sahəsi üzrə aparıcı ölkəyə çevrilən Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

Sözügedən sahədə geniş spektrli işlərin aparılmasının əhəmiyyətli və zəruri olacağını da vurğulayan F.İsgəndərov bildirib ki, Avropa İttifaqının mərkəzinin məhz Brüsseldə yerləşməsi nəzərə alınarsa, bu əməkdaşlıq Azərbaycanın bütün Avropa İttifaqı üzvü olan ölkələrlə münasibətlərinə siyasi cəhətdən, o cümlədən İKT sahəsində yeni mərhələ, canlanma gətirə bilər.

F.İsgəndərov onu da qeyd edib ki, Avropa İttifaqının rəqəmli gündəlik üzrə komissarı Neili Kröüs da BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrda Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunda iştirak edəcək. Bu səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqının İKT sahəsində geniş spektrli əməkdaşlığına baxıla və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilə bilər.

Öz növbəsində Ə.Abbasov bildirib ki, bu səfər hazırda Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi və TASİM-in əsas investorları qismində çıxış edən Qərbi Avropa ölkələri ilə münasibətlərində də faydalı nəticələr verə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR