Azərbaycan daha bir yataqda qızıl hasilatına başlayır

Azərbaycan daha bir yataqda qızıl hasilatına başlayır
# 13 mart 2012 08:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın Tovuz rayonunda yerləşən «Qoşa» yatağında qızıl hasilatına başlanacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, 2011-ci ildə qiymətli metalların hasilatı və emalı sahəsində ABŞ-ın «R.V. Investment Group Services» şirkəti tərəfindən «Gədəbəy» qızıl filiz yatağının istismarı davam etdirilib və nəticədə ötən il 1 782,2 kq qızıl və 1 216,2 kq gümüş istehsal edilib. Burada Azərbaycanın payı 229,2 kq qızıl və 157,5 kq gümüş təşkil edib: «Hasilat dövrü başlanandan Azərbaycanın payı olaraq 513,6 kq qızıl (999,9 əyarlı) gətirilərək saxlanması üçün Mərkəzi Bankı təhvil verilib. Həmin Saziş çərçivəsində «Qoşa» yatağında kəşfiyyat işləri başa çatdırılıb, hasilata başlamaq üçün iş aparılır. Digər Saziş üzrə Daşkəsən rayonunda yerləşən «Çovdar» yatağında kəşfiyyat işlərinin aparılması davam etdirilir».

Qeyd edək ki, «Gədəbəy» qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl Cenevrədə (İsveçrə) saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı kimi qızıl külçələr Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilir və saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilir. Hazırda Mərkəzi Bankda saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513,6 kq) çatıb. Onun bu günə bazar dəyəri 28,2 mln. ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Azərbaycanın «Gədəbəy», «Qoşa», «Çovdar», «Ordubad» qrupu («Piyazbaşı», «Ağyurd», «Şəkərdərə» və «Kələki»), «Söyüdlü» (Kəlbəcər), «Qızılbulaq» (Ağdərə) və «Vejnəli» (Zəngilan) qızıl filiz yataqlarının geoloji kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş «Azərqızıl» Dövlət Şirkəti və «R.V. Investment Group Services» şirkəti arasında 1997-ci il avqustun 20-də imzalanıb. Müqaviləyə əsasən, layihədə payın 51%-i Azərbaycan tərəfinə, 49%-i Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə məxsusdur.

Qeyd edək ki, 1998-ci il fevralın 24-də Saziş Milli Məclisdə təsdiqlənəndən sonra bu sahədə işlərə start verilib. Qısa vaxt ərzində yataqlarda tədqiqatlar planı və proqramı hazırlansa da, 2000-ci ilin ortalarında dünya bazarında qızılın ucuzlaşması (256 dollar/unsiya) bu sahədə işlərin müvəqqəti olaraq dayanmasına səbəb olub. Lakin 2004-2005-ci illərdə qızılın qiymətinin yenidən artması ilə bu sahədə işlər canlanıb və 2008-ci ildə Gədəbəydə karxana tipli mədən tikilib, 2009-cu ildə yataqdan ilk qızıl hasil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR