Bank Of Baku

Çingiz Hüseynzadə: “Legionerlərə bel bağlamaq olmaz”

Çingiz Hüseynzadə: “Legionerlərə bel bağlamaq olmaz”
# 20 aprel 2007 08:39 (UTC +04:00)
Atletika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin “APA-Sport” agentliyinə müsahibəsi

- Bir müddət əvvəl Avropa Atletika Assosiasiyasının konqresində iştirak etmisiniz. Toplantıda hansı məsələlər müzakirə olundu?
- Aprelin 14-də Fransanın Kann şəhərində Avropa Atletika Assosiasiyasının növbəti konqresi keçirildi. Toplantının gündəliyində bir neçə məsələ dururdu. Birinci məsələ Assosiasiyanın prezidenti, iki vitse-prezidenti və 13 İcraiyyə Komitəsi üzvünün seçilməsi idi. İsveçrəli Hans Yorq Viss yenidən prezident seçildi. Bundan əlavə, əsas məsələlərdən biri Avropa çempionatlarının keçirilməsində dəyişikliklərin edilməsi idi. İndiyədək Avropada açıq səmada dörd ildən bir Avropa çempionatı keçirilirdi. Belə ki, tək illərdə dünya çempionatı təşkil olunur, cüt illərin biri Yay Olimpiya Oyunları ilinə düşür, qalan bir cüt ildə isə Avropa çempionatı keçirilirdi. Konqresdə belə qərara alındı ki, 2012-ci ildən Olimpiadadan bir neçə ay öncə Avropa çempionatı təşkil olunsun. Amma bu qitə birinciliyi lisenziya xarakterli olmayacaq. Nəhayət, hər il Avropa kuboku turniri keçirilir. Bu yarışlarda qadın və kişi komandaları ayrı-ayrı şəhərlərdə və qruplarda mübarizə aparırdılar. Yeni qərara əsasən, 2009-cu ildən hər il komandalararası Avropa çempionatı keçiriləcək bu yarışlarda kişi və qadınlar eyni komandalarda çıxış edəcəklər. Bu da bizim üçün demək olar ki, yeni bir yarış növü sayılır. Sadaladığım məsələlər Avropa Atletika Assosiasiyasının Nizamnaməsində dəyişikliklər tələb etdiyinə görə, konqresdə müzakirə olundu və müvafiq qərarlar qəbul olundu.
- Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüşləriniz oldu?
- Əlbəttə. Avropa Atletika Assosiasiyasının və bir sıra ölkə assosiasiyalarının rəhbərləri ilə görüşümüz oldu. Gələn ildən etibarən, yaxın ölkələri əhatə etməklə, qışda Bakıda örtülü zallarda beynəlxalq turnir təşkil etməyi təklif etdim. Bildirdim ki, ilk yarışımız uğurlu olsa, Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə bu barədə söhbət edib, bu beynəlxalq turniri qitə qurumunun təqviminə sala və Bakıda hər il təşkil edə bilərik. Hazırda Atletika Maneji təmir olunur. Təmir işləri bitdikdən sonra manejdə bir-ikisini çıxmaqla, atletikanın Olimpiya proqramına daxil olan əksər növlərində yarışlar təşkil etmək mümkün olacaq. Rusiya, Türkiyə, Gürcüstan və digər bizə yaxın ölkələrin federasiyalarının rəhbərləri ilə müzakirələr aparacağıq ki, atletikanın hansı növləri üzrə beynəlxalq yarışlar keçirək. Çox güman ki, bu yarış Prezident kuboku adlanacaq.
- Azərbaycan idmançıları atletika üzrə nüfuzlu yarışlarda uğurlu çıxış etmirlər. Bu, sizi narahat etmir?
- Bu, məni heç də narahat etmir. Əlbəttə, bizim istəklərimiz daha artıqdır. Amma reallıqlardan çıxış etməliyik. Atletika bütün idman növlərinin əsasını təşkil edir. Yəni, hər hansı idman növü ilə məşğul olmağa başlayan insan mütləq ilk hazırlığı qaçış, koordinasiya və hərəkətlərin düzgün olması, tullanmalar, müəyyən güc hərəkətləri üzrə keçir. Bunların da hamısı atletika ilə bağlıdır. Həmişə bizim böyük idmançılarımız öncə atletika ilə məşğul olmağa başlayıblar, sonra isə başqa idman növlərinə keçiblər. Məsələn, həndbol üzrə olimpiya çempionumuz Rəfiqə Şabanova idmanda ilk addımlarını atletikada atıb. Voleybol millimizdəki Oksana və Yelena Parxomenko bacılarının da məşğul olduqları ilk idman növü atletika olub. Bizdə belə bir ənənə də var ki, uşaqlıqdan müəyyən yaş dövrünədək atletika ilə məşğul olub, sonra isə başqa idman növlərinə keçirlər. Ölkəmizdə atletika ilə məşğul olmaq üçün bir müddət, ümumiyyətlə, şərait yox idi. İndi şərait yaranmağa başlayıb. Əvvəllər lazımi tələblərə cavab verən qaçış zolaqları yox idi. Sonradan Tofiq Bəhramov adına Respublika stadionunun, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun qaçış cığırlarını təmir etdik və yarışlarımızı keçirməyə başladıq. Atletika maneji bərbad vəziyyətdə olduğundan, orada məşğul olmağa imkan yox idi. Artıq manej təmir olunub və orada gələn ildən beynəlxalq yarışlar keçirmək mümkün olacaq. Bu amillər yüngül atletikanın inkişafına təsir göstərirdi. İdmançının məşğul olması üçün yer və şərait lazımdır. On il öncəki dövrə nisbətən bu il atletika çox inkişaf edib. Artıq idmançılarımız beynəlxalq yarışlarda çıxış edirlər, hətta Avropa miqyaslı müxtəlif yarışlarda finala çıxırlar. İki il öncə Avropa Olimpiya Komitəsinin təşkil etdiyi Gənclərin Avropa Festivalında atletlərimiz ilk dəfə iki bürünc medal, bu il isə Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq turnirdə medallar qazanıldı. Yəni, inkişaf göz qabağındadır. Bu inkişafın daha da artması üçün lazımi şərait olmalıdır. Atletika elə bir növdür ki, onu bir-iki ilə lazımi səviyyəyə çatdırmaq mümkün deyil. Bunun üçün mütləq səkkiz-on il vaxt lazımdır.
- Azərbaycan atletləri əvvəlki Olimpiya Oyunlarına güzəştli kartla lisenziya qazanıblar...
- Xeyr, bu səhv fikirdir. Azərbaycan atletləri heç vaxt güzəştli kartla Olimpiadaya lisenziya qazanmayıblar. Atlantada üç, Sidney və Afina Olimpiadalarında isə dörd idmançımız iştirak edib. Heç biri güzəştli kart almayıb. Onların hamısı lisenziyanı özləri qazanıblar. Atletikada digər idman növlərindən fərqli olaraq, idmançının Olimpiadadan öncəki ilin əvvəlindən Olimpiada ərəfəsinədək müxtəlif yarışlarda göstərdiyi nəticələrə əsasən lisenziya verilir. Bu da çox sadədir. Müəyyən hədd elan olunur. Məsələn, 100 metr məsafəyə qaçışda 10,25 saniyə, üç təkanla uzununa tullanmada 16,80 metr kimi hədd müəyyənləşdirilir. Bu nəticələri göstərən idmançı avtomatik olaraq, Olimpiadaya lisenziya əldə edir. Dadaş İbrahimov Azərbaycan çempionatında 200 metr məsafəni 20,75 saniyəyə qaçdı. Bu da onun Afina Olimpiadasına lisenziya qazanmasına kifayət etdi. Sergey Boçkov üç təkanla tullanmada 17 metrdən çox nəticə göstərmişdi, Olimpiadada final mərhələsinə çıxmağa namizədlərdən biri idi. Təəssüf ki, zədə üzündən Afinada heç yarışlara çıxa bilmədi. Yəni, biz Azərbaycan çempionatındakı nəticələrin Beynəlxalq Atletika Assosiasiyası tərəfindən qeydə alınmasına nail olmuşuq. Ölkə çempionatında Olimpiya Oyunları standartlarına uyğun nəticə göstərən idmançını Olimpiadaya apara bilirik. Bu dəfə də biz atletika üzrə Olimpiya Oyunlarına müəyyən qədər lisenziya qazanacağıq.
- Konkret, nə qədər?
- Bu gün artıq lisenziya qazanmağa layiq üç idmançımız var. Hələ qarşıda ilyarım vaxtımız durur.
- Dünya praktikasında atletika yığmalarına legionerlərin cəlb olunma hallarına tez-tez rast gəlinir. Azərbaycanın da bu imkandan yararlanmaq niyyəti var?
- Fikrimcə, legioner cəlb etmək ən asan yoldur. Bildiyiniz kimi, zərif cins idmançıları ilə bağlı ölkəmizdə daim problem olub. İndi də belədir. Bilmirəm bu, mentalitetdən irəli gəlir, yoxsa... Afina Olimpiadasına Rusiyadan bir nəfər legioner cəlb etmişdik. O da çəkicatan Marina Lapina idi. Atletlərimiz arasında qadın idmançı olmadığına görə onu heyətimizə daxil etmişdik. Lakin Lapina layiqli nəticə göstərə bilmədi. Legionerlərin Olimpiadada iştirak zamanı kəmiyyət baxımından xeyri olsa da, indiyədək, heç bir legionerin Olimpiya Oyunlarında medal qazandığının şahidi olmamışıq. Olimpiya yığmamızın heyətində Atlanta və Sidneydə digər növlər üzrə legionerlər iştirak etmişdilər. Lakin heç biri mükafatlara layiq yer tuta bilməmişdi.
- Bəlkə bu, heyətə cəlb olunan legionerlərin səviyyələrinin aşağı olması ilə bağlıdır?
- Xeyr. Əvvəla, hansısa ölkədən legioner cəlb edəndə yüz faiz bilməliyik ki, o, öz ölkəsinin bir nömrəli idmançısı deyil. Çünki bir nömrəli idmançını heç bir ölkə başqa yerə buraxmaz. İkincisi, legioner nə qədər çalışsa da, Olimpiadada iştirak zamanı onun təmsil etdiyi ölkə üçün vətənpərvərlik ruhu lazımi səviyyədə ola bilməz. Bu faktor gözə görünməsə də, idmançının çıxışları zamanı hiss olunur. Bu gün də digər idman növləri üzrə yığmalarımıza legionerlər dəvət olunur və onlar komandalarımızı gücləndirir. Amma medal qazananlar elə öz idmançılarımız olur.
- Bəs futbol üzrə milli komandamıza kütləvi şəkildə əcnəbilərin cəlb olunmasına necə baxırsınız?
- Bu, çox müəmmalı məsələdir. Açıq etiraf etməliyik ki, futbol bizim ən yaralı yerimizdir. Bəlkə bir müddət belə oldu. Bildiyiniz kimi, “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Yəni bu, uzunmüddətli proqramdır. Bir-iki ilə nəticə gözləməməliyik. Fikrimcə, AFFA-da Dövlət Proqramının tələblərini həyata keçirməklə yanaşı, bu gün də nə isə etmək, yaranmış vəziyyətdən çıxmaq istəyirlər. Bu məqsədlə müxtəlif yollara əl atırlar. Bu, federasiya rəhbərliyinin göstərdiyi təşəbbüsdür, gördüyü işdir. Nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma şəxsi fikrim belədir ki, legionerlərdən kömək kimi istifadə etmək olar, amma onlara bel bağlamaq olmaz.
- Yaxınlarda ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə daim birgə oldunuz. Hikki Bakıdan hansı təəssüratlarla ayrıldı?
- Patrik Hikki ilk dəfə deyildi ki, Azərbaycana gəlirdi. 2001-ci ildə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası Bakıda keçirilərkən, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti olan Hikki də paytaxtımıza təşrif buyurmuşdu. Ötən ilin yayında Avropa Olimpiya Komitəsinin prezidenti seçilərkən, ona ölkə prezidenti İlham Əliyev təbrik məktubu göndərib Bakıya dəvət etdi. Hikki də dəvəti qəbul edib ölkəmizə gəldi. O, vaxtdan keçən altı il müddətində ölkəmizdə olan inkişafı öz gözləri ilə gördü. Biz hər yerdə, çıxışlarımızda, görüşlərimizdə deyirik ki, ölkəmiz inkişaf edir. Amma hər hansı vəzifəli şəxsin buna inanması üçün hər şeyi öz gözü ilə görməsi daha məqsədə uyğundur. Bu baxımdan, Hikkinin təəssüratları çox böyük oldu. O, Azərbaycan idmanındakı inkişafın əyani şahidi oldu. Taekvondo Kompleksi, Otüstü Hokkey bazasında olan Hikki Heydər Əliyev adına İdman-Konsert Kompleksində gedən yenidənqurma işləri ilə tanış oldu. Ən əsası, Masallı kimi uzaq rayonda möhtəşəm kompleksin açılış mərasiminə qatıldı. Hesab edirəm ki, bizim üçün adi, növbəti kompleksin açılışında Avropa Olimpiya Komitəsinin prezidenti şəxsən iştirak etdi və ölkə prezidenti İlham Əliyevlə birgə lenti kəsdi. Hikkinin ölkə prezidenti ilə təkbətək görüşündə Azərbaycanda idmanın inkişaf perspektivləri müzakirə olundu. Avropa Olimpiya Komitəsinin prezidenti Bakının 2016-cı il Olimpiya Oyunlarına namizədliyini irəli sürməsini dəstəklədi. O, Azərbaycanın hazırkı inkişafla Olimpiada təşkil etməyə hazır olduğunu dəfələrlə vurğuladı.
- Bunlar Hikkinin protokol qaydası ilə dediyi söz kimi də qəbul oluna bilər. Konkret, 2016-cı il Olimpiadasının Bakıda təşkil olunmasına Avropa Olimpiya Komitəsi hansı dəstəyi verəcək?
- Bunu nə Avropa, nə də Beynəlxalq Olimpiya Komitəsi müəyyənləşdirir. Beynəlxalq Olimpiya Komitəsinin ömürlük və müəyyən yaş dövrünədək üzvləri olur. Bu məsələ üzvlərin, ayrı-ayrı fərdlərin qərarından asılı olacaq. Komitələr seçkini keçirmirlər, seçkiyə dair müəyyən təkliflər hazırlayırlar. Beynəlxalq Olimpiya Komitəsi ilk növbədə namizəd şəhərləri müəyyənləşdirməlidir. Bakı hələ namizəd şəhər deyil. Biz təqdimatı vermişik. Təqdimatı verən şəhərlər arasından komissiya sentyabrda rəsmi namizədləri müəyyənləşdirəcək. Beynəlxalq qurumların verəcəyi dəstəyin nə dərəcədə olacağı hələ gələcəyin işidir. Olimpiadaya namizəd şəhərin irəli sürülməsi doqquz il öncədən başlayır, namizəd şəhərin təsdiq olunması isə yeddi il öncə baş verir. Yəni 2009-cu ilədək bu məsələlərə hazırlıq prosesləri gedəcək. Çox şey bizim özümüzdən asılı olacaq. Biz özümüzü necə təqdim edəcəyiksə, onlar da o cür qəbul edəcəklər. Açığı, bizim Roma, Madrid, Praqa, Rio-de-Janeyro, Çikaqo kimi dünyanın ən iri və ən möhtəşəm şəhərlər kimi çox böyük rəqiblərimiz var. Bakının bu cür şəhərlər arasında hallanmasının özü böyük nəticədir.
- Bəlkə elə buna görə bəzi dairələrdə Bakının 2016-cı il Olimpiadasına namizədliyini irəli sürməsi sırf reklam xarakteri daşıdığı barədə fikir formalaşdırıb?
- Çox gülünc fikirlərdir. Niyə İrəvan, Daşkənd və dünyanın əksər şəhərləri özlərini reklam etmirlər? Onlar Olimpiada təşkil etməyi heç ağıllarına da gətirmirlər. Kim özünü gülünc vəziyyətdə qoymaq istəyər? Əgər Bakı namizədliyini irəli sürürsə və bu, Avropa və Beynəlxalq Olimpiya komitələri tərəfindən normal qəbul olunursa, qəzetlər müsbət reaksiya verirsə, demək, reklam xarakterli bir şey deyil. Biz namizədliyimizi vermişik, amma qalib gələcəyimizə əmin deyilik. İstanbul kimi böyük şəhər 2004 və 2008-ci il Olimpiadalarına namizədliyini irəli sürsə də, qələbə qazana bilməyib. Moskva hər seçkidə iştirak edir. 2014-cü il Qış Olimpiadasına Soçi namizədliyini irəli sürdüyündən, yalnız 2016-ya namizədliyini verməyib. Roma və Paris 2012-ci il Olimpiadasının təşkilatçılıq hüququna yiyələnə bilmədi. Biz heç vaxt görməmişik ki, hər hansı şəhər reklam xatirinə iştirak etsin. O cümlədən, Bakı da namizədliyini reklam xatirinə irəli sürməyib. Ölkəmizin bu addımı beynəlxalq idman aləmi tərəfindən normal qarşılanıb.
- Son zamanlar bir şəxsin iki Olimpiya idman növü üzrə federasiyaya rəhbərlik etmə tendensiyası müşahidə olunur. Sizcə, bu, federasiyalarımızda prezident qıtlığından irəli gəlmir?
- Beynəlxalq təcrübəyə əsasən deyə bilərəm ki, belə hallar idman aləmində normal qəbul olunur. Hər bir federasiya özünün rəhbərliyində idman sahəsində təcrübəsi olan şəxsləri görmək istəyir. Ona görə, eyni şəxsin eyni vaxtda iki federasiyanın prezidenti olması xaricdə normal qarşılanır. Təşkilati baxımdan, eyni vaxtda iki ayrı-ayrı federasiyaya rəhbərlik etməyin heç bir fərqi yoxdur. Elman Rüstəmov bu yaxınlarda Şahmat Federasiyasının prezidenti seçilib. Deyə bilmərəm, o, Üzgüçülük Federasiyasının prezidenti postunda qalacaq, yoxsa... Ola bilər, növbəti seçkilərdə əvvəlki federasiyasından istefa versin. Bir müddət öncə Güləş Federasiyasının prezidenti seçilən Fazil Məmmədov hələlik Otüstü Hokkey Federasiyasının da prezidenti postunda qalır. Federasiyalarda iclas istənilən gün çağırılmır. Əgər bir şəxs iki federasiyanın öhdəsindən gələ bilirsə, qoy işləsin. Problem yoxdur. Məsələn, mən özüm MOK-un vitse-prezidentiyəm, həm də Atletika Federasiyasının prezidentiyəm. Bu, normal bir şeydir.
- Amma elə imkanlı təşkilat rəhbərləri var ki, heç bir idman növü ilə əlaqələri yoxdur...
- Yəqin, idmana həvəsləri yoxdur. Məgər məcburidir? İdmanla məşğul olmaq istəmirlər də...
- Məsələn, Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti seçildikdən sonra bildirdi ki, işinin həddən artıq çox olmasına baxmayaraq, İlham Əliyevin apardığı idman siyasətinə dəstək olaraq, bu işə də razılıq verib...
- Siyasət bir tərəfə. Amma gərək insanın özündə də istək olsun. Bu, məcburi deyil. Əgər hər hansı nazir idmanı sevmirsə, onu federasiya prezidenti qoymağın mənası nədir?
- 2008-ci il Pekin Olimpiadasında Olimpiya yığmamıza sponsorluq məsələsi həll olunubmu?
- Bu işdə müxtəlif şirkətlər yaxından iştirak edə bilərlər. Amma əvvəlki illərlə müqayisədə dövlət bir çox məsələləri həll etmək üçün kifayət qədər maliyyə imkanına malikdir. Sponsorluq arzusunda olan təşkilatlar isə köməyini göstərə bilərlər. Yəqin ki, müəyyən sponsorlarımız olacaq.
- Pekində neçə idman növü ilə və neçə idmançı ilə təmsil olunmağı planlaşdırırsınız?
- Ənənəvi olaraq, on idman növü üzrə idmançılarımızın olacağını indidən deyə bilərəm. Komanda idman növlərində isə ya voleybol, ya da otüstü hokkey komandalarımızın da təmsil olunmaq imkanları var. Əgər hər hansı komanda növündə Olimpiadada təmsil olunsaq, bu qəhrəmanlıq sayılacaq. Çünki Azərbaycanın adı dünyanın ən güclü dövlətləri ilə yanaşı çəkiləcək. Əgər Afinaya 38 idmançı ilə yollanmışdıqsa, Pekində azı 40 təmsilçimiz olacaq. Afina Olimpiadasından öncə proqnoz vermişdim ki, beş medal qazanacağıq. Elə beş medal da qazandıq.
- Medaldan söz düşmüşkən, ötən il dünya çempionumuz olmayıb. Amma biz 2006-cı ili uğurlu il kimi dəyərləndirdik...
- Bir idmançımız dünya çempionu oldu, amma qızıl medalını əlindən aldılar. Dünya çempionu bir il ola bilər, bir il yox. Ötən il bir çox idman növlərində dünya çempionatları zəif keçirildi. Çünki əksər ölkələr Olimpiada qabağı uğurla çıxış etməyi qarşısına məqsəd qoymuşdular. Elə bizim idmançıların qarşısına da dünya çempionatlarında medal qazanmaq məqsədi qoyulmamışdı. İdmançı hər zaman tam hazırlıqlı vəziyyətdə ola bilməz. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR