“AFB Bank” aktivlərini artırıb

“AFB Bank” aktivlərini artırıb
# 05 may 2014 12:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “AFB Bank” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin I rübündə 233,761 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,1% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,3% artaraq 180,545 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 34,04 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 40% çoxdur.

İpoteka kreditlərinin həcmi 10,136 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,16 dəfə çoxdur və kreditlərin 9,237 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 61% azalaraq 6,015 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 6,7% azalaraq 84,497 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 4,977 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 12,7% artaraq 53,268 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 42 mln. 343,84 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 11,8% artaraq 5,769 mln. manat, xərcləri isə 21% azalaraq 3,118 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 2,651 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 14 filialı, 39 bankomatı, 1138 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR