Malena Mard: “Azərbaycanda kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsi ilə bağlı çətinliklər var”

Malena Mard: “Azərbaycanda kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsi ilə bağlı çətinliklər var”
# 26 noyabr 2015 13:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsi ilə bağlı çətinliklər mövcuddur.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi: Kənd təsərrüfatı sahəsinə dəstək” adlı tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

Bununla belə, M. Mard bildirib ki, bu problem digər ölkələrə xas olan ümumi problemdir: “Kənd təsərrüfatı məhsulları və ərzaq istehsalçıları üçün maliyyə xidmətlərinin əldə olunması ən böyük problem kimi müəyyən olunub. Bilirik ki, Azərbaycan hökuməti bu məsələlər üzərində çox ciddi işləyir. Kənd təsərrüfatı Azərbaycanda inkişafı stimullaşdıran sahələrdən biridir”.

Diplomat qeyd edib ki, son onilliklər ərzində Aİ Azərbaycanda kənd təsərrüfatının və kənar ərazilərin inkişafında əsas donordur. O əlavə edib ki, Aİ gələcəkdə də iqtisadi diversifikasiyanın sürətləndirilməsi istiqamətində Azərbaycana dəstək verəcək.

“Yeni Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi aqrar sahədə çalışanların maliyyə resurslarına çıxışı üçün böyük töhfə olacaq. Layihə çərçivəsində 40 milyon ABŞ dolları məbləğində vəsait yerli fermerləri kreditləşdirmək üçün banklara yönəldiləcək. Bizim bir sıra məqsədimiz var. Texniki dəstək çərçivəsində maliyyə qurumları üçün paket hazırlayacağıq. Çünki, banklar üçün da təlim keçirilməlidir. Ona görə ki, bu sahənin maliyyələşdirilməsi xüsusi riskin qiymətləndirilməsini tələb edir. Ümid edirik ki, texniki dəstək komponenti çərçivəsində ixtisaslaşmış böyük kənd təsərrüfatı krediti verənlər üçün treninqlər təşkil ediləcək”, - deyə M. Mard bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR