Azərbaycanda suvarma sistemlərində su itkilərinin hesablanılması üzrə normativ-hüquqi aktın olmaması büdcə vəsaitlərindən səmərəsiz istifadəyə yol açıb

Azərbaycanda suvarma sistemlərində su itkilərinin hesablanılması üzrə normativ-hüquqi aktın olmaması büdcə vəsaitlərindən səmərəsiz istifadəyə yol açıb
# 19 may 2015 15:24 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məlumatına əsasən, respublikada suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini təşkil edir və ölkədə kənd təsərrüfatı məhsullarının 90%-ə qədəri bu torpaqlarda istehsal olunur.

Suvarılan torpaqların təxminən üçdə birindən çoxu (565 min hektarı) mexaniki üsulla, o cümlədən 349,4 min hektar elektrikləşdirilmiş, 68,2 min hektar dizel nasos stansiyaları ilə, 147,7 min hektarı isə subartezian quyuları vasitəsilə suvarılır. Respublikada orta illik su çatışmamazlığı 3,7 kub km., az sulu illərdə isə 4,75 kub km. təşkil edir. Çaylardan ekoloji, energetika və digər məqsədlər üçün məcburi su buraxmaları nəzərə alınarsa, su çatışmamazlığının miqdarının minimuma endirilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu görmək olar. Qlobal iqlim dəyişiklikləri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda son illərdə müşahidə olunan quraqlıqlar, eləcə də əlavə əkin sahələrinin dövriyyəyə cəlb olunması, təkrar əkinlərin artması suvarma suyuna tələbatı artırır. Belə şəraitdə suvarma suyunun çatışmazlığı bitkiçiliyə, xüsusilə də ərzaq təhlükəsizliyi baxımından strateji sahə olan taxılçılığa və heyvandarlığın inkişafına mənfi təsir göstərir. Bu baxımdan, suvarma suyundan qənaətlə istifadə edilməsi, su itkilərinin azaldılması, suvarma sisteminin işinin səmərəliliyi və etibarlılığının yüksəldilməsi, suyun verilməsi və bölüşdürülməsi sisteminin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, hazırda suvarma sistemlərində su itkilərinin hesablanılması üzrə normativ-hüquqi akt mövcud deyil və müvafiq itkilər 1985-ci ildə dərc edilmiş dərsliyə (Ş.N.Bağırov, M.Tağıyev “Suvarma meliorasiyası” Bakı. Maarif nəşriyyatı 1985-ci il) istinadən aparılır. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən Cənub Muğan Kanalı İstismarı İdarəsindən qəbul edilmiş 2011-ci ildə 308400,0 min kub metr, 2012-ci ildə 305053,0 min kub metr, 2013-cü ildə 305027,0 min kub metr suyun suvarma kanallarından itkilərinin həmin dərsliyə istinadən hesablanılması (təyini), kanalların faydalı iş əmsalının təsərrüfatlararası suvarma kanalları üzrə 50-60 faiz, magistral kanallar üzrə 80-90 faiz, beton üzlüklü kanallar üzrə isə 85-90 faiz qəbul edilməklə, ümumilikdə suvarma sisteminin faydalı iş əmsalının 65-70 faiz təşkil etməsi müəyyənləşdirilibr. Suvarma sisteminin saxlanılması xərcləri dövlət büdcəsindən maliyyələşdirilir, suyun bölüşdürülməsi və istifadəsi zamanı itkilərə yol verilməsi son nəticədə büdcə vəsaitlərinin səmərəliliyini aşağı salır.

Bunları nəzərə alaraq, Hesablama Palatası suvarma suyundan qənaətlə istifadənin tənzimlənməsi məqsədilə suvarma sistemlərində su itkilərinin (o cümlədən təbii itkilərin) müəyyənləşdirilməsi qaydalarını əks etdirən normativ-hüquqi aktın hazırlanmasını məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR