IDEA İctimai Birliyi “Azərbaycan təbiətini təbliğ et” adlı yeni sosial layihəyə start verib - FOTOSESSİYA

IDEA İctimai Birliyi “Azərbaycan təbiətini təbliğ et” adlı yeni sosial layihəyə start verib - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2015 14:20 (UTC +04:00)

Bakı-APA. IDEA İctimai Birliyi və Orxan Aslanov studiyası peşəkar fotoşəkillər çəkmək həvəsində olan gənclər üçün “Azərbaycan təbiətini təbliğ et” adlı yeni sosial layihəyə start verib.

Birlikdən APA-ya verilən məlumata görə, mütəmadi olaraq fərqli məkanlara təşkil olunacaq turlar çərçivəsində təmənnasız peşəkar fotoqraf master-klassları vasitəsilə iştirakçılara bu sənətin sirləri öyrədiləcək.

Əsrarəngiz təbiət məkanlarını ziyarət edən gənclər milli parklar, qoruqlar, gözəl təbiət ərazilərini görmək, həmçinin ziyarət etdikləri məkanların gözəlliyini öz fotoaparatları vasitəsilə peşəkar şəkildə çəkmək imkanı əldə edəcəklər. Bu dərslər sayəsində gənclər ətraf mühitə kreativ baxış tərzinə yiyələnməklə, eləcə də fotoqrafiya sənəti ilə bağlı peşəkar məsləhəti almaqla yanaşı, ölkəmizin zəngin flora və fauna növləri barədə, həmçinin ayrı-ayrı canlıların özəllikləri haqqında bilik əldə edəcəklər.

Layihədə iştirak edən hər bir gənc çəkdikləri və sosial şəbəkələrdə paylaşdıqları şəkillər vasitəsilə təbiətimizin gözəlliklərinin ictimaiyyətə çatdırılması və ətraf mühitin mühafizə edilməsi ilə bağlı cəmiyyətin maarifləndirilməsinə töhfə verəcək.

İlk master-klass 26 may tarixində Şirvan Milli Parkında baş tutacaq. İştirakçılar nəqliyyatla təmin ediləcək.

26 may təlimində iştirak etmək istəyən gənclərdən öz CV-lərini və istək məktublarını 24 may, 2015-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət edəcək gənclərin peşəkar və ya həvəskar fotoaparatlarının olması məqsədəuyğundur.

Layihə çərçivəsində növbəti master-klasslar haqqında elan IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediadakı səhifələrində yerləşdiriləcək. Layihə haqda əlavə məlumat almaq istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.​

Qeyd olunub ki, ətraf mühitin mühafizəsi naminə gəncləri səfərbər etmək məqsədi daşıyan IDEA İctimai Birliyi fotoqrafiya vasitəsilə, cəmiyyətdə canlı aləmə sevgi və qayğı hissini təşviq etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR