Avropa İttifaqı 2008-ci ildən etibarən Azərbaycanın təhsil sektorunda 29 layihə həyata keçirib.
APA xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda “Avropada Təhsil” sərgisi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, “Avropada Təhsil” sərgisi Azərbaycanla Aİ arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 30-cu ildönümü çərçivəsində keçirilir.
Onun sözlərinə görə, sərginin əsas məqsədi gənclərə Avropada ali təhsil proqramları və təqaüd imkanları barədə məlumat verməkdir.
Mariyana Kuyundziç qeyd edib ki, Avropada təhsil azərbaycanlı gənclər üçün yeni bilik və bacarıqlar əldə etmək, fərqli mədəniyyətləri kəşf etmək və beynəlxalq əlaqələr qurmaq baxımından mühüm imkan yaradır: “Avropada təhsil almaq zəruri bilik və bacarıqlar qazanmaq, yeni mədəniyyətlər kəşf etmək, dillər öyrənmək, beynəlxalq əlaqələr qurmaq və unudulmaz təcrübə qazanmaq üçün bir fürsətdir. Ümid edirik ki, tədbirimiz gənc azərbaycanlıları Aİ-də təhsil almağa, yaradıcılıq, innovasiya, ilham və fürsət dünyasını kəşf etməyə təşviq edəcək”.
Qeyd edək ki, “Avropada Təhsil” sərgisi oktyabrın 10-11-də Bakıda keçiriləcək. Sərgidə Avropanın 16 ölkəsini təmsil edən 60-dan çox universitet iştirak edəcək.