İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb.
Bu barədə APA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
"I mərhələdən sonra I ixtisas qrupu üzrə 667 (RK üzrə 639, Rİ üzrə 28) plan yeri boş qalıb (bax qeyd). RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 12 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 416-dır. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 447 nəfərdir. Rİ altqrupunda ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
II ixtisas qrupu üzrə 395 plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 51 nəfərdir.
III ixtisas qrupu üzrə 25 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3379 nəfərdir. Burada abituriyentlərin faktiki seçə biləcəyi yalnız bir ixtisas – Kitabxanaçılıq və informasiya (tədris ingilis dilində ) mövcuddur və 5 plan yeri qalıb. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
IV ixtisas qrupu üzrə 407 plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 138 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 161 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik (tədris ingilis dilində), Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər
V ixtisas qrupu üzrə 288 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər", - məlumatda qeyd olunub.