Daimi nümayəndəlik: Ermənistan danışıqlar əvəzinə itirdiyi mövqeləri geri qaytarmağa çalışır

Daimi nümayəndəlik: Ermənistan danışıqlar əvəzinə itirdiyi mövqeləri geri qaytarmağa çalışır
# 15 aprel 2016 12:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ermənistanın təşəbbüsü ilə genişmiqyaslı hərbi əməliyyatların baş verməsinə səbəb olan təxribatlar sülh prosesini və Minsk qrupunun rəhbərliyi ilə əldə edilmiş nailiyyətlərin zəiflədilməsinə yönəlib. Ermənistanın nəzarət etdiyi təmas xəttindən fərqli olaraq bizim nəzarət etdiyimiz təmas xəttində yaşayış məskənləri, mülki şəxslər Ermənistan tərəfindən atəşə məruz qalıblar. Təxribatın qarşısını almaq və mülki vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri effektiv əks tədbirlər görüb”.

APA-ın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1096 saylı iclasına ünvanlanmış bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan tərəfi Rusiyanın atəşkəsin bərpa olunması istiqamətindəki səylərini dəstəkləyir: “Biz ATƏT-ə üzv dövlətləri və Minsk qrupunu Ermənistanın atəşkəsə əməl etməsi üçün ona müraciət etməyə çağırırıq. Çünki biz Ermənistanın konstruktiv danışıqlara başlamaq əvəzinə öz qoşunlarını yenidən hazırlıq vəziyyətinə gətirərək itirdiyi mövqeləri geri qaytarmağa çalışdığını müşahidə edirik. Azərbaycan dəfələrlə həmsədr ölkələrin prezidentləri tərəfindən verilən, “status-kvo”nun qəbuledilməz və dayanıqlı olmaması ilə bağlı bəyanatlarını səsləndirib”.

O da qeyd edilib ki, Azərbaycan ərazilərinin davamlı işğalı zorakılığın baş qaldırmasının əsas mənbəyidir: “Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər iki tərəfi münaqişənin həlli istiqamətində danışıqlara başlamaqla bağlı çağırışını dəstəkləyir. Biz bu günədək hazırlanmış və münaqişənin siyasi yolla həllinə yönələn elementlər əsasında effektiv danışıqlara hazırıq”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR