Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası ABŞ şirkəti ilə keçirəcəyi "exit poll" planının təfərrüatlarını açıqlayıb

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası ABŞ şirkəti ilə keçirəcəyi "exit poll" planının təfərrüatlarını açıqlayıb
# 09 sentyabr 2016 15:12 (UTC +04:00)

Bakı - APA. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birgə sentyabrın 26-da referendumla əlaqədar “exit-poll” sorğusu keçirəcək.

"Bu cür əhəmiyyətli təşəbbüsün iştirakçısı olmaq böyük məsuliyyətdir" deyən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov APA-ya bildirib ki, rəhbərlik etdiyi təşkilat seçki proseslərinin müşahidəsi, seçki maarifləndirməsi ilə əlaqədar kifayət qədər təcrübəyə malikdir və 2015-ci ilin noyabr ayında Milli Məclisə keçirilən seçkilərdə ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə 118 dairə üzrə 1053 məntəqədə “exit-poll” keçirib.

"Bu əməkdaşlıq 26 sentyabr 2016-ci il ümumxalq səsverməsi ilə bağlı “exit-poll” sorğusunda da davam edəcək. “Exit-poll” sorğusu əvvəlcədən təlim keçilmiş 30 supervayzer və 900 intervüçü tərəfindən aparılacaq. Onlar əvvəlcədən püşk metodu ilə seçilmiş 100 seçki dairəsindəki 450 məntəqədə “exit-poll” sorğusu keçirəcəklər. Respondentlər təsadüfi seçmə metoduna əsasən sorğu prosesinə cəlb ediləcəklər.

“Exit-poll” 1 gün ərzində əvvəlcədən müəyyən edilmiş və razılaşdırılmış seçki məntəqələri ərazisində keçirəcək və seçki başladığı vaxtdan seçki qurtarana bir neçə saat qalan müddət ərzində aparılacaq. Sәsvermәdә iştirak etmiş seçicilәrdәn әldә olunmuş mәlumatlar әsasında ictimaiyyәt sәsvermәnin ilkin nәticәlәri vә elektorat barәsindәki tәqribi statistik mәlumatlarla tanış ediləcək, habelә sәsvermәnin nәticәlәri haqqında operativ proqnozlar müәyyәnlәşdirilmәyə səy göstəriləcək.

Əminik ki, 2015-ci ilin noyabr ayında Milli Məclisə keçirilən seçkilərlə bağlı aparılmış "exit-poll" sorğusu prosesi kimi 26 sentyabr 2016-ci ildə ölkədə referendumla əlaqədar həyata keçiriləcək “exit-poll” sorğusu da uğurlu olacaq, qısa vaxt ərzində dəqiq nəticələr əldə edə biləcəyik. İctimaiyyəti "exit-poll sorğularında fəal iştirak etməyə dəvət edirik", - deyə S. Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR