Rusiyanın “Sberbank” bankı Türkiyədəki törəmə bankını bağlamaq niyyətində deyil

Rusiyanın “Sberbank” bankı  Türkiyədəki törəmə bankını bağlamaq niyyətində deyil
# 15 iyun 2016 05:57 (UTC +04:00)

Bakı-APA. “Rusiyanın “Sberbank” bankı Türkiyədəki törəmə bankı olan “DenizBank”ı satmaq niyyətində deyil. Onun satışa çıxarılması barədə məlumatlar həqiqəti əks etdirmir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sberbank”ın İdarə Heyəti sədrinin müavini Svetlana Saqaydak bildirib.

Qeyd edək ki, “Röyters” ötən gün bank dairələrindəki dörd mənbəyə istinadən “Sberbank”ın Türkiyədəki törəmə bankı olan “DenizBank”ı satmaq imkanını nəzərdən keçirdiyini bildirib.

Mənbələr “Sberbank”ın nümayəndələrinin artıq investorlarla görüşdüyünü, lakin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən potensial alıcıların “DenizBank”ın alqı-satqısında iştirakdan imtina etdiklərini bildiriblər.

Svetlana Saqaydak qeyd edib ki, “DenizBank” “Sberbank” qrupunun xaricdəki aktivlərindən ən gəlirlisidir.

Onun sözlərinə görə, “DenizBank” bu ilin birinci rübündə 193 mln. lirə əldə edib: “Bankın Türkiyə ərazisində və xaricdə 738 filialı və 15 minədək əməkdaşı var. Bankın aktivləri ötən ilin I rübündə 16 faiz artaraq 115 mlrd. lirəyə çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR