SOCAR prezidenti "Şahdəniz-2" layihəsinin gedişatı ilə maraqlanıb

SOCAR prezidenti "Şahdəniz-2" layihəsinin gedişatı ilə maraqlanıb
# 22 sentyabr 2016 15:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və hər iki şirkət rəhbərliklərinin nümayəndələri ATA (AMEC/Tekfen/Azfen) tikinti-quraşdırma sahəsində olub, “Şahdəniz-2” layihəsi üzrə işlərin gedişi ilə maraqlanıblar.

APA-Economics”in məlumatına görə, “Sahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri üzrə təqdimat keçirilib, bildirilib ki, hazırda layihələr üzrə mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri 82% tamamlanıb. İlk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədi ilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq on istismar quyusu qazılıb. Layihə üzrə inşaat işləri ATA tikinti-quraşdırma sahəsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca qrafikə uyğun davam etdirilir. Səngəçal terminalında əlavə qaz həcmlərinin emalı məqsədi ilə genişləndirilmə işləri aparılır. 2016-cı ilin mayında sualtı konstruksiyaları quraşdırmaq üçün xüsusi olaraq inşa edilmiş “Xankəndi” sualtı tikinti gəmisi Xəzər dənizində suya endirilib.

Şirkət rəhbərləri “Şahdəniz-2” platformalarının üst tikililərinin ATA konsorsiumu tərəfindən inşa edildiyi Bibiheybət ərazisindəki Azfen tikinti-quraşdrıma sahəsinə baxış keçiriblər. Məlumat verilib ki, üst tikililərin paralel olaraq inşası ilə bağlı işlər qrafikə uyğun davam edir və 2017-ci ilin yay aylarında bu tikililərin dənizdə quraşdırılması planlaşdırılır. Hazırda hər iki üst tikili üzrə inşaat işlərinin 93%-i, yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98%-i, hasilat və dikborular platformasının göyərtəsi üzrə işlərin isə 91%-i başa çatıb. Eyni zamanda 2016-cı ilin mart ayında başlayan sınaq fəaliyyətlərinin 40%-i həyata keçirilib.

Qonaqlara CQBK-nın genişləndirilməsi üzrə tikinti işləri haqqında da məlumat verilib. Qeyd olunub ki, bu işlərin 45%-i artıq həyata keçirilib. Azərbaycanda marşrut boyunca təxminən 183 kilometrlik hissədə borular qaynaq edilib, 160 kilometrlik hissədə xəndəklərə endirilib. Gürcüstanda 59 kilometrlik hissədə qaynaq işləri görülüb, 42 kilometrlik hissədə borular xəndəklərə endirilib.

Eyni zamanda qeyd olunub ki, ilk dəfə olaraq, ''Şahdəniz-2'' platformalarının tikintisi bütünlüklə Azərbaycanda həyata keçirilir. Layihələr üzrə tikinti sahələrində minlərlə iş yeri açılıb. Bu vaxtadək bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 000 nəfərdən artıq insan cəlb edilmiş və onların 80%-dən çoxu Azərbaycan vətəndaşları olublar.

R. Abdullayev və Q. Birrell “Şahdəniz -2” layihəsi üzrə görülən işlərin təsdiq olunmuş büdcə daxilində qrafikə uyğun və bir qədər qabaqlamalarla həyata keçirilməsini müsbət qiymətləndirib və inşaatçılara uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR