Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçirilir

Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçirilir
# 28 sentyabr 2015 06:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı başlayıb.

APA-Economics”in məlumatına görə, toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar, o cümlədən Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkələrin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edir.

İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq.

Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirilmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi, beynəlxalq təcrübədə sığorta ehtiyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzularında seminarlar təşkil olunacaq.

Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR