Tacikistan vətəndaşından 141 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Tacikistan vətəndaşından 141 kiloqramdan artıq narkotik vasitə aşkar olunub
# 15 avqust 2016 10:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu zaman avtomobilin döşəməsindəki gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR