“Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz tullantı sahələrində reydlər keçirir

 “Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz tullantı sahələrində reydlər keçirir
# 14 oktyabr 2015 07:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Təmiz Şəhər” ASC Bakı şəhərində qeyri-qanuni tullantı sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reydlərini davam etdirir.

Cəmiyyətdən “APA-Economics”ə verilən xəbərə görə, “Təmiz Şəhər” ASC və Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 2015-ci ilin sentyabr ayında Suraxanı, Binəqədi, Pirallahı və Səbail rayonlarında apardığı reydlər zamanı bir neçə qanunsuz tullantı sahəsi aşkarlanıb.

Nəzarət tədbirləri zamanı, həmçinin, “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində daha öncə təmizlənmiş bir neçə qeyri-qanuni tullantı sahəsinin yenidən çirkləndirildiyi də müəyyən olunub və qanuna müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2010-cu ildən etibarən apardığı birgə reydlər zamanı sahəsi 200 kvadrat metrdən çox olan 216 qeyri-qanuni tullantı sahəsi aşkar edilib və onların 97-si təmizlənərək yerli icra qurumlarına təhvil verilib, digərlərinin təmizlənməsi ilə bağlı isə yerli icra qurumlarına müvafiq göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR