Tərcümə Mərkəzinin “Bildirçin və payız” kitabı Misir Ali Təhsil Nazirliyinin xüsusi diplom və medalına layiq görüldü

Tərcümə Mərkəzinin “Bildirçin və payız” kitabı Misir Ali Təhsil Nazirliyinin xüsusi diplom və medalına layiq görüldü
# 23 may 2016 12:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Misir Ərəb Respublikasının Azərbaycandakı Misir Mədəniyyət Mərkəzində müasir ərəb ədəbiyyatının banisi, görkəmli Misir yazıçısı, müsəlman yazarlarının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun, Azərbaycanda ilk dəfə işıq üzü görən “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib.

Misir Mədəniyyət Mərkəzindən APA-ya verilən xəbərə görə, tədbirdə Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Heysam Cəlal, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar əl-Habaşneh, Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami, Fələstin dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Abdulla Yasim əl-Şəmsi, İraq Respublikasının Azərbaycan Respublikasındakı konsulu Abdul Hakim İsmayıl, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Bədr Əbdüləziz əl-Mufayrici, ölkənin elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Misir Mədəniyyət Мərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi açаrаq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son iki ildə ədəbi mübadilələr istiqamətində gördüyü işlərdən, Misir Mədəniyyət Mərkəzinin Tərcümə Mərkəzi ilə qarşılıqlı layihələrindən danışıb.

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Heysam Cəlal yazıçının həyat və yaradıcılığından, toxunduğu mövzuların əhəmiyyətindən söz açıb.

“Nəcib Məhfuz yaradıcılığı təkcə Misir cəmiyyətini əks etdirmir, o, bütün ərəb dünyasının yaşayış tərzinə, mədəniyyətinə güzgü tutur. Əminəm ki, onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunması, ümumiyyətlə bu cür maarifpərvər tədbirlərin keçirilməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Mərkəzin dünya ölkələri ilə qurduğu ədəbiyyat mübadilələrindən, gələcək layihələrdən söz açıb:

“Bu gün dünya gərgin zaman və hadisələr burulğanları yaşamaqdadır. Müharibələr, terror, qaçqınlıq, siyasi, sosial ədalətsizlik bəşəriyyəti çıxmazlarla üz-üzə qoyub. Bütün bu hadisələr fonunda ədəbiyyata, bədii sözə, fikrə üz tutması, pənah gətirməsi insanlıq üçün bir xilasdır. Ədəbiyyatın milliyyəti yoxdur. Dünya xalqları arasında qarşılıqlı anlaşmanın, dostluq və qardaşlıq münasibətlərinin ən qısa və ən etibarlı yolu məhz ədəbiyyatdır. 2014-cü ilin may ayında ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanıyla Tərcümə Mərkəzinə yeni status verildi. Bu Fərman Azərbaycanın dünyayla ən vacib körpülər vasitə ilə – ədəbiyyatla əlaqəyə girməsinə geniş imkanlar açdı. Ərəb dilinə və ədəbiyyatına Azərbaycanda həmişə maraq olub və yenə də var. Ərəb dili bizim üçün, eləcə bütün dünya üçün, ilk növbədə Quran dilidir. Və bu dildə yazılan bütün yazılar, düşünürəm, müqəddəsdir.”

Daha sonra İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar əl-Habaşnehə söz verildi:

“Azərbaycan və ərəb dünyası arasında din və dil baxımından dərin, tarixi əlaqələr mövcuddur. Bu cür ideoloji layihələrin uğuru qardaşlığımızın, ədəbi və mədəni əlaqələrimizin gələcəyinə, perspektivlərinə böyük inam və nikbinlik aşılayır.”

Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq da, öz növbəsində belə bir kitabın ərsəyə gətirilməsini yüksək dəyərləndirərək, Tərcümə Mərkəzinə minnətdarlığını bildirdi.

Tədbirin sonunda kitabın araya-ərsəyə gətirilməsində xidmətlərinə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin Xüsusi Diplomu, əsərləri orijinaldan dilimizə tərcümə edən gənc tərcüməçi Şahin Ələskərov isə Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR