Azərbaycanda dolmayan VİP ziyarət yerlərinə görə Həccə sənəd qəbulunun vaxtı uzadılıb

Azərbaycanda dolmayan VİP ziyarət yerlərinə görə Həccə sənəd qəbulunun vaxtı uzadılıb
# 15 iyul 2016 08:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun vaxtı iyulun 31-nə qədər uzadılıb.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, müddətin uzadılmasına səbəb VİP ziyarət üçün nəzərdə tutulan yerlərin hələ də dolmamasıdır. Bahalı ziyarət üçün ayrılan yerlərdən 50-si hələ də boş qalıb.

Xatırladaq ki, nisbətən ucuz ziyarət üçün nəzərdə tutulan yerlər artıq dolub.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət sentyabrın 2-də başlayacaq, ayın 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR