Ötən ay ünvanlı dövlət sosial yardımla təmin olunan ailələrin sayı 19% azalıb

Ötən ay ünvanlı dövlət sosial yardımla təmin olunan ailələrin sayı 19% azalıb
# 15 may 2015 08:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin aprel ayında respublika üzrə 113 455 ailə (494 892 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26 774 ailə (116 694 nəfər ailə üzvü) və ya 19% azdır.

Bu barədə “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, ünvanlı dövlət sosial yardım təyin olunan ailələrin sayının cari ilin aprel ayında da azalması ilk növbədə Azərbaycanda vətəndaşların həyat səviyyəsinin mütəmadi yaxşılaşması və ünvanlı dövlət sosial yardımlarının təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunması istiqamətində aparılan işlərlə bağlıdır. Bununla yanaşı, ünvanlı sosial yardım alanların sayının azalması yardımların məbləğinin artması ilə müşahidə olunmaqdadır. Belə ki, ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə və adambaşına düşən orta aylıq məbləği 14,5% artmaqla müvafiq olaraq 144,98 manat və 33,24 manat təşkil edib.

Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 234 990 nəfərdir. Onlardan 6 329 nəfəri 1 yaşadək uşaqlardır ki, həmin uşaqlara görə ünvanlı sosial yardımdan əlavə olaraq, 45 manat məbləğində aylıq sosial müavinət də ödənilir. Həmçinin, ünvanlı dövlət sosial yardımı alan ailələrdə sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 507 nəfərdir. Ünvanlı yardım təyin olunan ailələrin 32 550-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Hazırda Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq, ƏƏSMN tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciətin edilməsi və yardımların təyin olunması prosesinin elektron əsaslar üzərində avtomatlaşdırılmış sisteminin yaradılması işləri davam etdirilir. Bu yeni sistem ünvanlı yardımların təyinatında məmur-vətəndaş ünsiyyətinin tam aradan qalxmasına, aztəminatlı şəxslərin ünvanlı sosial yardım sistemi üzrə sürətli və rahat, şəffaf xidmətlərə çıxış imkanı qazanmalarına səbəb olacaq.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən müvafiq dəyişikliyə əsasən, bu ilin mart ayının 17-dən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə deyil, 2 il müddətinə təyin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR